Azərbaycan futbol tarixində qəribə hadisələrdən biri də millimizin Niderland yığması ilə qarşılaşmamasıdır. Nə DÇ və AÇ-lərin seçmə mərhələsi, nə də yoldaşlıq görüşlərində onların qarşısına çıxmışıq. Demək olar ki, Avropa nəhəngləri arasında bircə “narıncılar”la üz-üzə gəlməmişik.

Məsələ ondadır ki, klublarımız Niderlandın 3 aparıcı klubu olan “Ayaks”, “Feyenoord” və PSV ilə də qarşılaşmayıb. Yalnız “Qarabağ” iki dəfə “Tvente” ilə oynamaq imkanı qazanıb ki, onların birində mübarizədən məğlub ayrılıb, digərində isə qalib gəlməklə tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

İş elə gətirib ki, “Qarabağ” avrokubokların yeni formatında əsas mərhələdə də ilk xalını Niderland klubu üzərində qazana bilər. İlk iki turda “Tottenhem” və “Malmö”yə uduzan Qurban Qurbanovun komandası üçün “Ayaks”la oyun dönüş nöqtəsi olmalıdır. Amma bunu nə dərəcədə reallaşdırmaq mümkün olacaq?

Təbii ki, “Ayaks” “Tottenhem”dən zəif görünə bilər, amma “Qarabağ”ın bütün rəqibləri arasında ən titullu kollektivdir. Necə də olmasa, 5 dəfə ÇL (ÇK da daxil), 1 dəfə UEFA Kuboku, 1 dəfə Kuboklar Kuboku, 2 dəfə UEFA Superkuboku və 2 dəfə də Qitələrarası Kubokun qalibindən danışırıq. Sonuncu dəfə 1995-ci ildə avrokubok qazanan bu komanda son finalını da 1996-cı ildə oynayıb. 2019-cu ildə də elə az qala “Tottenhem”i məğlub edib ÇL-in finalına çıxacaqdılar.

Ajax The Netherlands soccer football celebrate winning KNVB cup final 2021 - Futbolinfo.az

Görünən kəndə bələdçi lazım deyil. Ümumiyyətlə, bu komandanın son illər Niderland çempionatında və avrokuboklarda necə çıxış etməsini təkrarlamağa ehtiyac yoxdur. Futbolla yaxından maraqlanan hər bir kəs son illər bu komandanı kimlərin çalışdırmasından, orada kimlərin oynamasından xəbərdardır. Bircə onu deyək ki, Erik ten Haqın “Mançester Yunayted”ə gedişindən sonra Niderlandın ən titullu klubu inamsız təsir bağışlayır. Düzdür, ten Haqdan sonra iki dəfə çempion ola biliblər. Amma son iki ildə bunu da bacarmırlar. Bunun da əsas səbəbi uğursuz məşqçi seçimləri olub. Xüsusən də ötən mövsümə Mauris Steynlə başlayan komanda Erediviziyada tarixinin ən pis başlanğıcı ilə yadda qaldı. Nəticədə “Sparta”dan böyük ümidlərlə gətirilən məşqçi istefaya göndərildi. Sonuncu pillədə qərarlaşan komandanı isə Con van’t Sxip ağır vəziyyətdən xilas edib avrokuboklara qədər daşıdı.

Yayda isə italiyalı mütəxəssis Françesko Farioli “sükan arxasına” keçərək komandanı daha da “qaldırdı”. “Ayaks” qədər də olmasa, 35 yaşlı çalışdırıcının da böyük təqdimata ehtiyacı yoxdur. Türkiyə futbolunun həvəskarları onun “Fatih Karagümrük” və “Alanyaspor”dakı fəaliyyətindən xəbərdardır. Ötən mövsüm “Nitsa” onun başçılığı altında Liqa 1-də 5-ci yeri tutdu.

151fdfc9765a4e71b2c6a89a98a3798c - Futbolinfo.az

Fariolinin hazırda “Ayaks”da işləri pis getmir. Erediviziyada 5-ci sırada qərarlaşan komanda lider PSV-dən 11 xal geridə olsa da, eyndhovenlilərdən iki oyun az keçirib. Hər halda, 7 oyuna 5 qələbə, 1 heç-heçə və 1 məğlubiyyəti olan komandanın çempionluq yarışının içində olmasını demək olar. Avropa Liqasında da ilk turda Amsterdamda “Beşiktaş”ı 4:0 hesabı ilə məğlub edib, növbəti oyunda Praqada “Slaviya” ilə 1:1 hesablı heç-heçə də yaxşı göstəricidir.

Farioli bu komandanı 4-3-3 sxemi ilə oynadır. Qapıda 40 yaşlı Remko Passver qərarlaşıb və təcrübəli qolkiper italiyalı məşqçini peşman etmir. Amma Niderland çempionatının son turunda səfərdə “Herakles”lə oyunda önə çıxınca, 50 metrdən qapısında top gördü.

Müdafiənin mərkəzində Xorvatiya millisinin 24 yaşlı üzvü Yosip Sutalo ilə Niderland U-21 millisindən Yuri Bass çıxış edir. Onların arasında anlaşma pis alınmır. Elə müdafiənin sağ cinahında da U-21 üzvü Devin Renç oynayır. Solda isə 18 yaşlı digər yerli futbolçu Yorrel Hato qərarlaşıb. Fikir verdinizə, müdafiə xəttinin ən yaşlı oyunçusunun 24 yaşı var. Bir sözlə, cari mövsüm Avropa Liqasında ən gənc müdafiə “4-lüy”ünə malik komanda “Ayaks”dır.

Elə start heyətində meydana çıxan yarımmüdafiəçilər də əsasən gənclərdir. Sağ cinahda Kennet Teylorun 22, solda Kian Fitz Jimin 21 yaşı var. Amma komandanın onurğa sütunu kapitan Cordan Hendersondur. 34 yaşlı sabiq “Liverpul” əfsanəsi meydanda amsterdamlıların “filtir”i funksiyasını daşıyır. Elə yenidən “Ayaks”a qayıdan Davi Klassen də şans qazananda iti ötürmələri ilə komanda yoldaşlarını zərbə mövqeyinə çıxarır, özü də fərqlənməyi bacarır.

Qol vurmaqdan söz düşmüşkən,  hücumun sivri ucunda Niderland millisinin hücumçusu Brayan Brobbi çıxış edir. Hərçənd komandanın ən təhlükəli silahı Vud Veqhorstdur. Həmişə oyuna sonradan girən təcrübəli futbolçu dəfələrlə xilaskara çevrilib. “Qarabağ” oyunun gedişində “Ayaks”ın əsəbləri ilə oynasa, Veqhorstun daxil olması ilə problemləri daha da arta bilər. “Arsenal” yetirməsi olan Çuba Ekpom da oyuna sonradan daxil olub fərqlənə biləcək oyunçudur.

Hücumun sol cinahında 19 yaşlı belçikalı Mika Qodts da təhlükə mənbəyidir. Sağda isə Farioli rotasiyaya əl atır.  “Çelsi”, Lion “Olimpik”i, “Aston Villa” və “Vilyarreal”dan tanıdığımız Burkino Faso millisinin lideri Bertran Traore və danimarkalı Kristian Rasmussen bir-birini əvəzləyir.

Hazırkı “Ayaks” mexanizm kimi oynayır. Farioli əvvəlki ruhu qaytarmağa çalışır və müəyyən mənada buna nail olur. Oyun planında amsterdamlılar tempi yüksək tutmağa çalışır. Bəzən bunun faydasını görürlər, amma bəzən də top itkilərinə yol verirlər. “Qarabağ”ın ötən mövsümdəki kimi pressinq maşını işləsə, “hədiyyələr”indən məharətlə istifadə etmək olar. Bunu bacarmasaq, hücumda “həşərat “kimi çoxalacaqlar.

m1mxswbao2tv wd1280 - Futbolinfo.az

“Ayaks”ın oyunlarına baxanda bir məqam xüsusi ilə gözə çarpır: hücum edərkən rəqibin cərimə meydançasına “doluşurlar”. Bütün qayıdan topları özləri ələ keçirir. Arxanı boş qoymaqdan çəkinmirlər. Cərimə meydançasında çoxluq təşkil etmək risklidir. Amma alındıranda faydalı olur. Farioli komandasına məhz risk etməyi aşılayır.

“Ayaks”ın bir özəlliyini də xatırladaq: bu komanda avrokuboklarda səfərdə özünü suda balıq kimi hiss edir. Bəlkə də “Qarabağ” Amsterdamda oynasaydı, xal almaq daha asan olardı. Bakıda işimiz çətin olacaq. Nə sirrdirsə, son 20-30 ildə ən yaxşı oyunlarını səfərdə keçiriblər. Amma yenə də ümidimizi itirməyək. Komanda toparlansın, qalanı düzələcək…

Klublarımız Niderland komandalarına qarşı

20.08.2009. Enshede, Hollandiya. UEFA AL. Tvente – Qarabağ 3:1

27.08.2009. Bakı, Azərbaycan. UEFA AL. Qarabağ – Tvente 0:0

17.07.2014. Arnem, Hollandiya. YO. Arnem – Qəbələ 0:4

20.07.2014. Arnem, Hollandiya. YO. AZ Alkmaar – Qəbələ 2:0

26.07.2014. Arnem, Hollandiya. YO. Herenven – Qəbələ 1:0

21.08.2014. Bakı, Azərbaycan. UEFA AL. Qarabağ – Tvente 0:0

28.08.2014. Enshede, Hollandiya. UEFA AL. Tvente – Qarabağ 1:1

10.01.2015. Antalya, Türkiyə. YO. Qəbələ – PSV-2 0:0

08.07.2017. Zalsburq, Avstriya. YO. Qəbələ – Utrext 1:0

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp