“Arsenal” gəliri artırmaq üçün stadionunu genişləndirmək variantını araşdırır. Hazırda klubun ev stadionu olan “Emirates” tutumuna görə İngiltərədə altıncı, Premyer Liqada isə beşincidir (60 704).
“Uembli”nin (90,000) , “Mançester Yunayted” (74,197), “Tottenhem” (62,850), “Vest Hem” (62,500) və “Liverpul”un (61,276) stadionları daha çox tamaşaçı qəbul edir.
“Liverpul”un arenası artıq genişləndirilib, “Mançester Yunayted” 100 min yerlik yeni stadion tikmək və ya “Old Trafford”u rekonstruksiya etmək imkanlarını nəzərdən keçirir, “Vest Hem” isə arenanın tutumunu 68 000-ə çatdırmaq niyyətindədir.
“Arsenal”ın ötən mövsüm ev matçlarından əldə etdiyi gəlir 120 milyon funt-sterlinqdən çox olub. Eyni zamanda, 2022/23 mövsümündə klubun analoji gəliri 102,6 milyon funt-sterlinq, “Tottenhem”inki isə 117,6 milyon funt-sterlinq olub.
Qeyd olunur ki, “Tottenhem” öz arenasında NFL matçlarına və məşhur ifaçıların konsertlərinə ev sahibliyi etmək üstünlüyünə malikdir.
“Times”ın məlumatına görə, “Arsenal” yenidənqurma ilə bağlı çətinliklərlə üzləşə bilər. Belə ki meydanın hündürlüyünü aşağı salmaq üçün praktiki olaraq heç bir texniki imkan yoxdur.