“Sabah” klubunun ispaniyalı müdafiəçisi Con İrasabalın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 10-cu turunda “Zirə” ilə oyunda uzun müddət hesabda öndə olsanız da, son dəqiqələrdə qapınızdan qol buraxaraq 1 xalla kifayətləndiniz. Sizcə, matçın nəticəsi ədalətli oldu?
– Oyunda erkən qol vurduq. Bu da bizə matçın qalan dəqiqələrində daha rahat mübarizə aparmaq üçün imkan yaratdı. Son dəqiqələrə kimi müdafiə xəttində etibarlı oynadıq, səhvlərə yol vermədik. Lakin təəssüf ki, son dəqiqədə qol buraxaraq 3 xal qazanmaq imkanını əldən verdik. Matçın sonunda qol buraxmağımız üzücüdür, lakin nəticənin ədalətsiz olduğunu deməzdim.
– Son dəqiqələrdə buraxdığınız qolu nə ilə izah edərdiniz? Arxayınlaşma oldu, yoxsa başqa məqam konsentrasiyanızı pozdu?
– Xüsusi bir şey yoxdur. Sadəcə, qarşıdakı matçlarda bu səhvlərdən nəticə çıxarmalı və oyunumuzu daha da təkmilləşdirməliyik.
– Növbəti turda sizi “Neftçi” ilə oyun gözləyir. Rəqib yeni baş məşqçinin gəlişindən sonra ilk oyundaca qələbə qazandı. Şansları necə dəyərləndirirsiniz?
– Yeni baş məşqçinin gəlişi “Neftçi”nin futbolçularını mental olaraq daha da yaxşılaşdıracaq. Bizim isə oyuna planımız olduğu kimi qalacaq. “Neftçi” ilə matçlarımız həmişə maraqlı və gərgin keçir. Bu komanda ilə görüşdən 3 xalla ayrılmaq üçün əlimizdən gələnin ən yaxşısını ortaya qoymalıyıq.
– “Sabah” çempionatda vurduğu qolların sayına görə ən yaxşılardandır. Amma komanda eyni zamanda çox qol buraxır və bu göstəricidə yalnız “Kəpəz” və “Səbail”i üstələyirsiniz. Bunun səbəbini nədə görürsünüz? Müdafiədə zəif çıxış etməyiniz nə ilə bağlıdır?
– Təqdim etdiyiniz statistika müdafiə planında özümüzü təkmilləşdirməli olduğumuzu deyir. Rəqiblər bizimlə oyunlarda çox qol fürsəti yaratmırlar, lakin buna rəğmən qol vurmağı bacarırlar. Bunun üzərində çalışaraq, çatışmayan cəhətləri aradan qaldırmalıyıq.
– Çempionatın ilk dövrəsində 15 xal toplamışdınız. İkinci dövrədə bundan artıq xal yığa biləcəksiniz?
– Elə məqsədimiz də budur. Ona çatmaq üçün mövsümün qalan hissəsində daha çox xal toplamalıyıq.
– Hazırda Azərbaycan çempionatında çıxış edən ən təhlükəli hücumçu, sizə ən çox çətinlik yaradan forvard kimdir?
– Konkret hansısa hücumçunun adını çəkməkdə çətinlik çəkirəm. Amma ötən mövsümkü oyununa görə “Qarabağ”ın forvardı Juninyonu fərqləndirərdim.
AĞA