“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy alacaqlarından imtina edir. O, Tovuz klubunun ona ödəməli olduğu pulu istəmir.

İddiaya görə, illər öncə klubun adının “Turan”dan “Turan Tovuz”a dəyişdirilməsi ona olan borcla bağlı olub. Guya klub türkiyəli mütəxəssisə olan borcunu ödəyə bilmədiyi üçün özünü müflis elan etmək məcburiyyətində qalıb və klubun adı dəyişdirilib.

Şensoy “Futbolinfo”ya açıqlamasında deyilənləri təkzib edib: “Qətiyyən elə deyil. “Turan”da birlikdə işlədiyim sonuncu rəhbərlik maliyyə işlərini düzgün görmədiyi üçün və yığılmış xeyli borca görə klub adını dəyişdirmək yolunu seçdi. “Turan”ın borclu qaldığı təkcə mən deyildim ki… “Turan”ın mənə borcu dənizdən bir bardaq su kimi idi”.

Naci bəy klubun tarixi adının qaytarılması üçün üzərinə düşəni etməyə hazırdır: “Nə mənim “Turan”a, nə də “Turan”ın mənə borcu var. O məsələni çoxdan bağlamışam. “Turan Tovuz”un adının yenidən “Turan” olmasına kim təşəbbüs göstərərsə, ilk imzanı mən ataram. Hazırkı rəhbərlik bu yöndə bir addım atarsa, sizin vasitənizlə söz verirəm ki, ilk razılaşacaq şəxs mən olacağam”.

Shares: