Qadın futbolçulardan ibarət Portuqaliya millisinin hücumçusu Diana Silva Avropa çempionatının pley-off mərhələsində Azərbaycan yığması ilə keçiriləcək oyun barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu matça ciddi hazırlaşdıqlarını söyləyib. O, rəqibə barmaqarası baxmadıqlarını vurğulayıb: “Avropa çempionatına vəsiqə şansının davam etməsi olduqca vacibdir. Hamımız bu nüfuzlu turnirdə yer almaq üçün oynayırıq. Düzdür, əvvəllər Avropa və dünya çempionatında iştirak etmişik. Ancaq eyni uğuru təkrarlamaq üçün ilk olaraq Azərbaycanla qarşılaşmaya ciddi yanaşırıq”.

Silvanın fikrincə, cütün taleyi Vizeladakı cavab görüşündə həll olacaq: “Belə mərhələlərdə cütün taleyini ilk oyunda həll etmək mümkün olmur. Amma Azərbaycanda buna yaxın nəticə göstərmək, Portuqaliyaya daha sakit qayıtmaq əla olar. Yenə də hər şeyə Portuqaliyada aydınlıq gələcək. Çox istərdim ki, azarkeşlərimiz Bakıda bizi dəstəkləsinlər. Ancaq Azərbaycanda olmasalar da, bizi televiziyadan izləyəcəklərini bilirik”.

Qeyd edək ki, sabah “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 16:00-da başlayacaq. Portuqaliyadakı cavab qarşılaşması oktyabrın 29-da olacaq.

Shares: