“Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan futbolu ilə maraqlanırsınız? Siz çalışdığınız dövrlə müqayisədə futbolumuzda irəliləyiş görürsünüz?
– 15 il əvvəl Türkiyədə ilk PRO kateqoriyasını almış, beynəlxalq səviyyədə peşəkar məşqçi olaraq dünyada bütün futbol trendlərini, xüsusən də Azərbaycan kimi vaxtilə çalışdığım ölkələrin futbolunu izləmək məcburiyyətindəyəm. Azərbaycanda mən çalışdığım dövrdə futbol geridə idi. Biz – o dönəmki məşqçilər ölkə futbolunda, xüsusən də klub futbolunda irəliləyişin ilk təməllərini atdıq. Bunu qəbul etmək lazımdır ki, həmin dövrdə rəqabət daha güclü idi. Onda “Qarabağ” tək deyildi. Onunla rəqabət apara biləcək “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Bakı” və “Turan” var idi. İndi isə elə deyil. Hazırda “Qarabağ” rəqabətsiz qalıb. Bu isə çempionatın səviyyəsi, əsas da milli komanda üçün mənfi haldır. Yığma demişkən, əfsuslar olsun ki, millinin nəticələrində irəliləyiş yoxdur. Bunun bir çox səbəbləri var: klublarda legioner futbolçuların çoxluğu, uşaq futbolundakı çatışmazlıqlar, infrastruktur problemi, keyfiyyətli məşqçilərin azlığı və s.
– Yığmamızın “sükanı arxasına” böyük ümidlərlə gətirilən, Portuqaliyanı Avropa çempionu etmiş Fernandu Santuş millimizi çıxartdığı 4 oyunun hamısında məğlubiyyətlə üzləşdi. Belə olacaqdısa, Santuş nəyə görə gətirilirdi? Ondansa millinin baş məşqçisi postuna yerli mütəxəssisin təyin edilməsi daha məntiqli olmazdı?
– Santuşun məşqçilik karyerasından bəhs etməyə gərək yoxdur. Dünya futbolunda marka bir addır. Çox sevdiyim bir ifadə var: “İcraatın danışdığı yerdə kəlmələr susar”. Santuşun CV-si hər şeyi izah edir. Ancaq olduqca önəmli bir məsələni də gözdən qaçırmamaq lazımdır. Məşqçi həyəcanını nəzərdə tuturam. Bu, çox vacibdir. Santuş Azərbaycana təqaüdçü həyatını yaşamağa gəlib, yoxsa hələ də işinə ona uğurlar qazandırmış həmin entuziazm və həyəcanla yanaşır? Məncə, Santuş artıq həmin həyəcanda deyil. “Beşiktaş”ı çalışdıranda da bunun şahidi olduq. Sizə bir nümunə göstərim. Yunanıstan Futbol Federasiyası serbiyalı məşqçi İvan Yovanoviçi yığmaya baş məşqçi gətirəndən sonra onlar 4 oyunun hamısında qələbə qazandılar, hətta səfərdə İngiltərəyə də qalib gəldilər. Santuş isə Azərbaycan millisində əksini etdi – 4 oyuna 4 məğlubiyyət. Bu da az öncə nə demək istədiyimi təsdiqləyir.
– Vaxtilə çalışdırdığınız “Turan Tovuz”un cari mövsümdəki çıxışını bəyənirsiniz? Kurban Berdiyevin baş məşqçi təyin edilməsindən sonra Tovuz klubu necə təsir bağışlayır?
– “Turan Tovuz” rəhbərliyini məşqçi seçimində düzgün qərar verdiyi üçün təbrik edirəm. Komandaya və tovuzlulara mənim dövrümdəki həyəcanı qaytardığı üçün həm “Turan Tovuz” rəhbərliyinə, həm də Berdıyevə minnətdaram. Berdıyevin 72 yaşı var, Santuşdan da yaşlıdır. Amma onların futbol həyəcanı eynidirmi?! Deməli, bir məşqçinin yaşına yox, işləmək həvəsinə, entuziazmı itirib-itirmədiyinə baxmaq lazımdır.
– Necə düşünürsünüz, “Turan Tovuz” mövsümün sonunda avrokuboklara vəsiqə qazanacaq komandaların sırasında ola biləcək?
– Ümid edirəm ki, ola biləcək. Mövsümə çox yaxşı başladılar. “Qarabağ”a bu sezon hələlik yeganə məğlubiyyəti “Turan Tovuz” yaşadıb. Həmin qələbədən sonra da stabil performans sərgiləməkdədirlər. Dövrələrarası fasilədə 1-2 mövqeni gücləndirə bilsələr, avrokuboklara vəsiqə qazanacaqlarına ürəkdən inanıram.
– İddiaya görə, illər öncə klubun adının “Turan”dan “Turan Tovuz”a dəyişdirilməsi sizinlə bağlı olub. Belə məlumat yayılıb ki, klub sizə olan borcunu ödəyə bilmədiyi üçün özünü müflis elan etmək məcburiyyətində qalıb və klubun adı dəyişdirilib. Bu, doğrudurmu?
– Qətiyyən elə deyil. “Turan”da birlikdə işlədiyim sonuncu rəhbərlik maliyyə işlərini düzgün görmədiyi üçün və yığılmış xeyli borca görə klub adını dəyişdirmək yolunu seçdi. “Turan”ın borclu qaldığı təkcə mən deyildim ki… “Turan”ın mənə borcu dənizdən bir bardaq su kimi idi.
– Klubun hazırkı idarəçiləri əvvəlki rəhbərliyin borclu qaldığı siz və digər şəxslərlə danışsa, razılaşmanın əldə olunması və klubun tarixi adının qaytarılması mümkündür?
– Nə mənim “Turan”a, nə də “Turan”ın mənə borcu var. O məsələni çoxdan bağlamışam. Əslində, çox yaxşı sualdır. Əgər “Turan Tovuz”un adının yenidən “Turan” olmasına kim təşəbbüs göstərərsə, ilk imzanı mən ataram. Hazırkı rəhbərlik bu yöndə bir addım atarsa, sizin vasitənizlə söz verirəm ki, ilk razılaşacaq şəxs mən olacağam.
– Deməli, əvvəlki rəhbərliyin sizə borclu qalmasına baxmayaraq, klubun tarixi adının qaytarılması üçün həmin məbləğdən keçməyə hazırsınız…
– Elədir ki, var.
– Son illərdə Azərbaycan klublarından sizə təklif gəlib? Dəvət olarsa, yenidən ölkəmizdə işləmək istəyərsiniz?
– Mən hələ də aktiv fəaliyyət göstərən məşqçiyəm. Keçən il Bolqarıstanın “Vihren Sandanski” komandasını çalışdırdım. Klubun üzləşdiyi maliyyə problemlərinə görə bu il oradakı işimə davam etmədim. Ondan əvvəl Albaniyanın “Bilis” komandasına rəhbərlik etdim. Hazırda istirahət etsəm də, mütəmadi olaraq işləyirəm. Bir neçə variant var idi, ancaq mənə uyğun olmadıqları üçün qəbul etmədim. Azərbaycandan təklif gələrsə, dəyərləndirərəm. Ölkənizdə necə sevildiyimi, məşqçi kimi təqdir edildiyimi çox yaxşı bilirəm. Açığı, Azərbaycanda işləmək üçün darıxıram.
FƏRİD