Misli Premyer Liqasında cari mövsüm narazılıqlarla başlayıb. Hakimliklə bağlı çoxlu suallar var, qərəzli qərarların adətən bir neçə komandanın xeyrinə verilməsi isə vəziyyət daha qəliz edib. Hakimlər Komitəsinin yeni sədri Frank de Blekerin təyinatı heç nəyi dəyişməyib, sələflərinin vaxtındakı problemlər yenə aktualdır.

Hakimlikdəki mövcud vəziyyəti dəyərləndirməsi üçün beynəlxalq dərəcəli hakim Tahir Süleymanova müraciət etdik. Klub idarəçisi kimi də uğurlu olan təcrübəli mütəxəssis problemin səbəbini açmağa çalışdı:

– İlk dövrənin bir sıra oyunlarında çox ciddi hakim səhvləri oldu. Tarixən çempionatın startı rahat keçir, komandalar “qarşıda çox oyunlar var” düşüncəsi ilə xal saymağa tələsmir, idarəçilikdə səhvlər olsa da, problemlər yaşanmır, güzəşt edilir.

Təcrübəsi olmayan, loyallıq göstərən klublarda belə yanaşma çox yanlışdır. Premyer Liqanın sonunda, istisna halları çıxmaq şərtilə, ənənəvi olaraq, avrokuboklara vəsiqələrdən tutmuş sonuncu yerlərin sahibinə kimi hamının taleyini 1-2, maksimum 3-5 xal fərqi həll edir. Eyni zamanda, startda itirilən xallara görə haqsızlıqla üzləşən komandaların özlərinə gəlməsi, psixoloji və faktiki olaraq toparlanması da çətin olur, məşqçi və futbolçularda özünəinam hissi azalır, qarşılaşmalarda stress yaşanır, oyun sisteminə mənfi təsir edir. Çox az komanda belə təzyiqlərdən sonra vəziyyətdən çıxa bilir.

Belçikalı Frank de Blekerin təyinatı gec baş verdiyi üçün hakimlər çempionata planlı şəkildə hazırlaşa bilmədilər. Yük, məsuliyyət Hakimlər Komitəsinin yerli mütəxəssislərinin üzərinə düşdü. Bu gün də faktiki olaraq belədir. 6 illik ardıcıl əcnəbilərə güvənilməsi praktikasının fayda vermədiyindən sonra, yenidən xaricə üz tutulması yanlış addım idi. Baracıqlı yerli mütəxəssislərə güvənilməli, dəyər verilməlidir. Qalmaqallı epizodlara kütləvi ictimai qınaq fonunda de Blekerin “Oyun qaydaları”nda olan təbii boşluqlardan, FİFA/UEFA tövsiyələrindən istifadə edərək, ikili standartlara uyğun cavabları verməsi, bəzi epizodlara, ümumiyyətlə, münasibət göstərməməsi birmənalı qarşılanmadı. Komandalar arasında edilən ayrıseçkilik, belə münasibət, qarşıdakı turlara öz mənfi təsirini göstərəcək.

Referi-VAR, oyunlara təyinatlarla bağlı yol verilən boşluqlar, qarşıdakı turlarda kobud hakim səhvlərinə, narazılıqlara, hətta qalmaqalların baş verə biləcəyinə zəmin yaradır. Bəzi klubların qaydalar çərçivəsində, sivil olaraq öz hüquqlarını müdafiə edə bilməməsi, bəzi hallarda komanda rəsmilərinin özlərini düşünmələri, məşqçi və futbolçularını tək meydanda deyil, meydan ətrafında da müdafiəsiz, kimsəsiz qoyması, sonda daha çox xal itkisinə gətirib çıxarır.

Klub/komanda anlayışı fərqlidir. Açıq deyilsə, klub rəhbərlərinin, icraçı rəsmilərin özlərini pis etməyərək, manevrli “gedişləri”, etirazları, jurnalistlərin, müstəqil ekspertlərin üzərinə “yükləmək” cəhdləri, nəinki doğru deyil, öz komandalarına qarşı etinasızlıq deməkdir. Məşqçi və futbolçular öz rəhbərlərinin işlərinə müdaxiləsini yox, hərtərəfli müdafiəsini hiss etməlidirlər. Azarkeşlərin, medianın ictimai nəzarəti olmasa, qeyd olunan məsələlərdə vəziyyət daha bərbad hal ala bilər. Belə durum hakimlərdə də arxayınlıq yaradır, məsuliyyət faizi aşağı düşür.

Referilərin texniki zonada məşqçilərlə qarşılıqlı münasibəti də ürəkaçan deyil. Futbol emosional oyundur, texniki zonaya nəzarət edən hakimlərin aşırı müdaxilələri, şablon hərəkətləri, baş hakimlərin diqqətini oyundan yayındırır, məşqçi/futbolçularla aralarında yersiz qarşıdurma, aqressiya yaranır, yekunda sarı, qırmızı vərəqələrlə yekunlaşır. Baş məşqçilərə rəsmi xəbərdarlığın edilməsi daimi xarakter almamalı, istisna hallarda olmalıdır. Nəzərə alınmalıdır ki, çempionatda komandaların bir-birilərinə olan münasibətləri yüksəkdir, stadionlarda asayişin, rəsmi nümayəndələrin qorunması nümunəvidir, təşkilati işlər, meydanların durumu, ümumi şərait əladır, hakimlər üzərinə təzyiq demək olar ki, yoxdur. Belə vəziyyətdə hakim idarəçiliyi səviyyəsi yüksək olmalı, səhvlər minimuma endirilməlidir.

Komandalar arasında mübarizəni, xal fərqinin azlığını nəzərə aldıqda, qarşıdakı turlarda, əsasən də qış fasiləsindən sonra, nəinki kobud, hər xırda hakim səhvlərinə komandaların reaksiyaları artacaq, daha kəskin reaksiya alacaq. Frank de Bleker və AFFA Hakimlər Departamenti yanlışlıqları, oyunlarda yaşanan kobud idarəçilik səhvlərini aradan qaldırmasa, qarşıda hakim qalmaqalları qaçılmaz olacaq.

ABBAS

Shares: