AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 10-cu turunda qeydə alınan neqativ məqamlara hüquqi qiymət verib.

Futbolinfo.az xəbər verir ki, “Səbail”lə oyunun 81-ci dəqiqəsində qırmızı vərəqə alan “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.

Qarşılaşmanın fasiləsində meydançaya kənar şəxs daxil olduğundan, “ağ-qaralar” daha 800 manat ziyana düşüb.

“Sabah”ın köməkçi məşqçisi Saşa Sablyak “Zirə” ilə görüşün bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Məşqçi 1 oyun şərti olmaqla 2 matçlıq cəzalaya məruz qalıb, “Sabah”ı 1000 manat xərcə salıb. Sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” – “Turan Tovuz” oyununun ikinci hissəsində qonaqlar meydana gec çıxdığına görə 1500 manat cərimələnib.

Shares: