“Oyuna yaxşı başladıq və erkən qol vurduq. Bundan sonra da oyunu yaxşı tempdə keçirdik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mikels deyib.

Almaniyalı futbolçu Misli Premyer Liqasının 10-cu turunda “Zirə” ilə heç-heçə (1:1) etdikləri matçdan danışıb: “Müdafiə xəttində səliqəli oynadıq. Rəqib isə demək olar, yüzfaizli qol imkanı yaratmamışdı. Düzdür, bizim də o qədər də çox imkanımız olmadı. 90 dəqiqə arxa xəttdə yaxşı oyun sərgiləsək də, rəqib oyunun son dəqiqələrində yol verdiyimiz səhvdən lazımınca yararlanmağı bacardı. “Zirə” çox yaxşı komandadır. Bu komanda ilə oyunlarımız həmişə çətin keçir. Bu dəfə də elə oldu. Qalib gəlmək istəyirdik, amma təəssüf ki, son dəqiqələrdə qələbəni əldən verdik. İndi bu matçı unudub, qarşıdakı oyunlarımıza köklənməliyik”.

Mikels növbəti turda üz-üzə gələcəkləri “Neftçi” ilə oyundan da söz açıb: “Növbəti rəqibimiz “Neftçi” olacaq. Bu komanda ilə oyunlarımız həmişə maraqlı və xüsusi bir gərginliklə müşahidə olunur ki, bu da futbol baxımından çox xoşdur. Bəli, rəqibdə təzəlikcə baş məşqçi dəyişikliyi olub. Samir Abasov yaxşı məşqçidir. Fikrimcə, bu rəqibin oyununa müsbət mənada təsir göstərəcək.  Bu oyunu səbirsizlikıə gözləyirəm. İnanıram ki, bazar günü azarkeşlər maraqlı oyun izləyəcək və meydandan qalib ayrılan tərəf biz olacağıq”.

Shares: