“Ayaks” sabah UEFA Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, Niderland klubunun baş məşqçisi Françesko Fariolinin oyundan bir gün əvvəl mətbuat konfransı keçirilib. İtaliyalı çalışdırıcı çox güclü komanda ilə qarşılaşacaqlarını bildirib:

“Bəzi futbolçularımızın zədəsi var. Onlar sabah bizimlə olmayacaq. “Qarabağ”a gəldikdə isə, çox güclü komanda ilə qarşılaşacağıq. Bildiyiniz kimi, mən Türkiyədə işləmişəm və ordan da əldə etdiyim bəzi məlumatlarla “Qarabağ”ı təhlil etmişəm. Çox təhlükəli komanda olduqlarını bilirik.

Bəzi oyunçuları təhlil etmişik. Xüsusən, hücumçuları çox güclüdür. Sadəcə, ötən mövsümün Leverkuzen “Bayer”i ilə oyunlarını xatırlatmaq istərdim. Yüksək hazırlıqlı komandadır.

Bizim işimiz ehtimal vermək deyil. Bu liqada inkişaf etməliyik. Hər gün hazırlaşırıq. Yenə dedyim kimi, ciddi, təhlükəli rəqiblə qarşılaşacağıq.

Futbol elə bir oyundur ki, hər an dəyişiklik ola bilər. Bu oyun fərqliliklərin məcmusudur. Hər an hər şey ola bilər. Biz emosiyaları bir kənara qoyub, yaxşı nəticəyə köklənmək istəyirik.

Ölkəmizdən bura çoxsaylı azarkeşlər gəlib. Bununla bağlı xəbərimiz var. Bahalı səfərdir. İşlərini bir kənara qoyub bura gələn azarkeşlərimiz üçün əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanıb onlara hədiyyə edək.

Özümüzü emosional və psixoloji olaraq hazırlamışıq. Çox istəyirk ki, yaxşı nəticə qazanaq.

Daniele Ruqani çox yaraşıqlı oğlandır (gülür). Sabah rəsmi geyində olmayacaq. Çox güman ki o, sabah meydanda olacaq. Çox potensiallı və bizə lazımlı oyunçudur. Komanda üçün çox işlər görür. Onun potensialı bizim üçün vacibdir.

Bizim hazırda diqqət mərkəzimizdəki oyun sabah keçirəcəyimiz matçdır. Sonrakı oyunlara hələ ki, fokuslanmaq istəmirik. Amma təbii ki, “Qarabağ”la qarşılaşmadakı yaxşı nəticə digər oyunlara da stimul ola bilər.

Əvvəldən belə planlaşdırılıb. Adənət sərbəstlik olsun deyə başqa arenade məşq etməyi düşünürük. Buna görə də “Neftçi Arenan”nı seçdik”.

Shares: