“Kəpəz” klubunun portuqaliyalı qapıçısı Rojerio Santosun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının ikinci dövrəsinə 0:5 hesablı məğlubiyyətlə başladınız. “Qarabağ”la oyunda hesabın bu cür olacağını yəqin ki, gözləmirdiniz. Ağır yenilginin səbəbini nədə görürsünüz?

– Düşünürəm ki, birinci hissədə yaxşı iş gördük. Ancaq ikinci hissədə 2 dəqiqə ərzində 2 qol buraxdıqdan sonra oyun bizim üçün qopdu. Bu isə yekunda böyükhesablı məğlubiyyətə gətirib çıxartdı.

– “Kəpəz” 10 oyuna hamıdan çox – 29 qol buraxıb. Bir qapıçı olaraq bu, sizə necə təsir edir?

– Mövsümə çiynimdəki zədə ilə başladım və bu, bəzi oyunlarda komandaya kömək etməyimə mane oldu. Zədəmi sağaldıb sıraya döndükdən sonra özümü yaxşı hiss edirəm və komandamın qol buraxmaması üçün əlimdən gələni əsirgəmirəm. Buraxdığımız qolların sayı mənə təsir edə bilməz. Çünki mən hər oyunda həm də çoxlu qurtarış edən qapıçıyam.

– Azər Bağırovun baş məşqçi postuna gəlişindən sonra komandada nə dəyişib?

– Azər Bağırov tələbkar məşqçidir. Bütün planlarını reallaşdıra bilməsi üçün ona vaxt lazımdır. Biz hamımız Bağırovla birlikdə işləməkdən razıyıq. Əminəm ki, tezliklə yaxşı nəticələr gələcək.

– Növbəti turda “Kəpəz”i “Turan Tovuz”la Qərb derbisi gözləyir. Bu oyundan yaxşı nəticə ilə ayrıla biləcəksiniz? Rəqibinizin cari mövsümə əla başlaması sizi qorxutmur?

– Biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Rəqibdən qorxmaq olmaz. Hər matçda qollar vurmaq və qələbə qazanmaq istəyirik. Meydana çıxanda da bunun üçün çalışırıq.

– “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?

– “Kəpəz” kimi klub Premyer Liqada qalmalıdır. Çünki “Kəpəz” çılğın azarkeşləri olan, tarixi klubdur. Bu məqam komandanı Premyer Liqada saxlamaq üçün bizə böyük motivasiya verir, məsuliyyətli olmağımızı şərtləndirir.

– Azərbaycanda çıxış edən digər portuqaliyalı futbolçularla əlaqəniz varmı? Kimlərlə dostluq edirsiniz?

– “Kəpəz”in portuqaliyalı futbolçularından başqa Azərbaycanda çıxış edən daha iki həmyerlimi tanıyıram. Onların hər ikisi qapıçıdır. “Zirə”də çıxış edən Tiaqo Silva və “Şamaxı”nın qolkiperi Rikardo Fernandesi nəzərdə tuturam.

– Azərbaycan Premyer Liqasının səviyyəsi barədə fikriniz necədir? Burada çıxış edən hansı qapıçıları fərqləndirərdiniz?

– Azərbaycan Premyer Liqası çox rəqabətli liqadır. İştirakçılar arasında ən az büdcə “Kəpəz”də olsa da, rəqiblərlə başabaş mübarizə aparmağa çalışırıq. Sualın ikinci hissəsinin cavabını isə özümdə saxlayacağam (gülür).

CAVAD

Shares: