Birləşmiş Millətlər Təşkilatı yarandığı gündən inkişaf proqramlarında idmandan istifadə edir. Bu mənada yeni minilliyin əvvəlindən idmanın təbliği daha da sürətlənib.

İdman Birləşmiş Millətlər Təşkilatına öz məqsədlərinə, xüsusən də Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda kömək edən mühüm vasitədir. İdmanı inkişaf və sülh gündəmlərinə daha sistemli şəkildə inteqrasiya etməklə Birləşmiş Millətlər Təşkilatı daha yaxşı dünya yaratmaq üçün bu vasitədən tam istifadə edə bilər.

İdman Birləşmiş Millətlər Təşkilatının bütün dünyada insanların həyatını yaxşılaşdırmaq səylərində mühüm rol oynayır. İdman fərdlər və icmalar arasında körpülər qurur, inkişaf və sülh toxumlarını səpmək üçün münbit zəmin yaradır.

Son illərdə BMT proqramları, fondları və ixtisaslaşmış qurumları öz məqsədlərinə, xüsusən də 2000-ci ildə qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq üçün idmanın gücünü getdikcə daha çox tanıyır və istifadə edir.

BMT sistemi vəsait toplamaq, təbliğ etmək və qurumun işi və məqsədləri barədə ictimaiyyətin məlumatlılığını artırmaq üçün bir vasitə kimi idmanın unikal birləşdirici gücünə əsaslanır. Bu mənada idmançılardan istifadə edilir. Hazırda 100-ə yaxın idmançı BMT-nin “səfiri” və ya “nümayəndəsi” təyin edilib.

2001-ci ildə BMT-nin keçmiş Baş Katibi Kofi Annan İsveçrə Konfederasiyasının keçmiş prezidenti Adolf Oqini, daha sistemli və ardıcıl şəkildə təşviq etmək məqsədilə ilk “İnkişaf və Sülh naminə BMT Baş Katibinin idman üzrə xüsusi müşaviri” təyin etdi. Bunda da məqsəd idmandan sağlamlıq, təhsil, inkişaf və sülhə nail olmaq üçün bir vasitə kimi istifadə etmək idi. Həmin ildən başlayaraq bu vəzifəni icra edən şəxslər idmanı digər sahələrlə daha yaxından əlaqələndirir. Xüsusi Şura Birləşmiş Millətlər Təşkilatının İnkişaf və Sülh Naminə İdman İdarəsi (UNOSDP) ilə birlikdə idmanın müsbət sosial dəyişikliklər üçün güclü vasitə kimi beynəlxalq anlayışı və dəstəyini təşviq etmək üçün BMT sisteminin səylərini əlaqələndirməkdə kömək edir.

Həmin ərəfədə BMT-nin Qurumlararası İşçi Qrupu “İnkişaf və Sülh naminə idman: MİM-ə nail olmağa doğru” hesabatını dərc etmişdir. Hesabat “idman dünyası BMT sistemi üçün təbii tərəfdaşlığı təmsil edir” və yaxşı hazırlanmış idman təşəbbüsləri MİM-ə nail olmaq üçün praktiki və sərfəli alətlər olduğunu göstərir.

Hər il BMT Baş Assambleyası idmanın təhsilin, sağlamlığın, inkişafın və sülhün təşviqi vasitəsi kimi qətnamə qəbul edir. Baş katib hər il Baş Assambleyaya qətnamənin icrası və milli, regional və beynəlxalq səviyyədə inkişaf və sülh naminə idman sahəsində fəaliyyəti haqqında hesabat verir.

BMT-nin nəzdində “İnkişaf və Sülh naminə İdmanın Dostları Qrupu” mövcuddur. Qrup Nyu-Yorkda BMT yanında Daimi Nümayəndələrin qeyri-rəsmi hökumətlərarası platformasıdır və məqsədi BMT-yə üzv dövlətləri və BMT sistemini idmanı öz siyasət və strategiyalarına fəal şəkildə inteqrasiya etməyə təşviq etməkdir.

Bir sözlə, yeni minillikdən başlayaraq BMT idmandan daha çox istifadə etməyə başlayıb. Bunun da başlıca səbəbi idmanın əhatə dairəsinin böyük olmasıdır. Bu gün idman vasitəsilə müxtəlif dövlətlərə , siyasi rejimlərə təsir etmək mümkündür və BMT də bunu çox gözəl anlayır.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

Shares: