“Məğlubiyyətdən sonra komandada atmosfer yaxşı olmadı”.

Futbolinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın oyunçusu Kaelen Meloun “Ordu”ya uduzduqları (80:103) Azərbaycan Basketbol Liqasının I turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, qarşılaşmanın əvvəlində çox səhv etdiklərini bildirib:

“Ötürmələrdə aşağı göstəricilərlə oynadıq. Bu da oyunda böyük fərq yaratdı. Rəqib hücumda çox yaxşı idi, topla da yaxşı rəftar edirdi. Müdafiədə daha etibarlı oynamalıyıq. Ümumiyyətlə, bizdə çatışmayan komanda oyunudur. Çünki əksəriyyətimiz burada yeniyik. Hələ də bir-birimizə öyrəşməmişik. Buna baxmayaraq, çalışırıq ki, məşqçinin bizə aşıladığı taktikanı doğru həyata keçirək. Hələ ki, anlaşmada problemlər var”.

Basketbolçu 2-ci turda “Lənkəran”a qarşı keçirəcəkləri matç haqqında da fikirlərini bölüşüb:

“Son 3 gündə məşq prosesi çox faydalı oldu. Rəqibin oyununu təhlil etmişik. Amma daha çox öz oyunumuza köklənməliyik. Hələ ki, heyətimiz kifayət qədər kompakt deyil. Əsas atışlara diqqət ayırırıq. Mən hələlik bu liqada yeniyəm. Komandaları tanımağa çalışıram. İndiki vəziyyətdə hansısa komandaya üstünlük verə bilmərəm. İstənilən halda, hər oyun bizim üçün çətin olacaq. Əsas məsələ yaxşı müdafiə olunmaqdır. İlk oyunda azarkeşlər bizi çox yaxşı dəstəklədilər. Bu, çox xoşuma gəldi”.

Shares: