“Ayaks” bu gün Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn Niderland klubunun baş məşqçisi Françesko Fariolinin oyundan sonra mətbuat konfransı keçirilib. İtaliyalı çalışdırıcı nəticədən məmnun qaldıqlarını bildirib:

“Nətcədən məmnun qaldıq. Əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. Futbolçularımdan razıyam.

Biz təəssüf ki, heç vaxt hakimliklə bağlı danışmırıq. Bu bizim ən əsas prinsiplərimizdən biridir.

Xüsusi qeyd etmək lazımdır ki, “Qarabağ” oyunun əvvəlində çox yaxşı başladı. Fantastik enerjili idilər. Xatırlayırsızsa, mən dünən də demişdim ki, çox təhlükəli rəqibə qarşı oynayacağıq. Əlbəttə, “qırmızı”dan sonra oyun müəyyən qədər dəyişdi.

Təbii ki, qələbəni bir elementlə əlaqələndirməzdim. Bu, bir çox faktorlardan asılıdır. Birinci qoldan sonra “Qarabağ”ın təzyiqləri var idi. Amma təbii ki, ikinci qoldan sonra biz daha rahat oynamağa başladıq. Bayaq dediyim kimi, “qırmızı”nın oyuna təsiri oldu.

Biz öz oyunumuzu təkmilləşdirməyə çalışacağıq. Mövsümün əvvəlidir, bu gün müəyyən mənada öz üstünlüyümüzü göstərə bilmədik. Bu, yeni formatdır, uyğunlaşmağa çalışırıq. İnanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik”.

Shares: