“Ayaks” kimi qitənin güclü klubları ilə oyunlarda başabaş mübarizə aparmaq üçün ekstra güc tələb olunur. Belə rəqiblərlə aradakı səviyyə fərqini aradan qaldırmaq, hiss etdirməmək üçün məşqçi ağlı, futbolçuların əzmkarlığı, döyüşkənliyi lazım gəlir.
“Qarabağ” Niderland klubu ilə oyuna məhz belə hazıırlaşmışdı. Öz oyun dəst-xəttinə sadiq qalan ağdamlılar azlıqda qalanadək hətta qonaqlardan üstün idi. İrəlidə pressinq edən “Qarabağ” sanki qolun siqnalını verirdi.
Hər şey bir anda dəyişdi. Julio Romao meydanın mərkəzində rəqibin irəli göndərdiyi topu qəbul edərkən texniki səhvə yol verdi, ardınca rəqib hücumçunu dayandırıb sonuncu ümid foluna görə meydandan qovuldu. Qapıya qədər olan məsafəni nəzərə alsaq, bir az ağır qərar idi, amma hakimi qınamaq da olmur. Braziliyalı yarımmüdafiəçi günahı özündə axtarmalıdır – topa daha yaxın ikən hoqqabazlıq etmək əvəzinə sadə oynamaq, topu geriyə ötürmək və ya meydandan çıxarmaq lazım idi.
Oyunla bağlı Qurban Qurbanova tutula biləcək yeganə irad məhz Romaoyla bağlıdır. Son oyunlarda formada olmadığı aşkar görünə, səhvləri ilə daha çox ön plana çıxan braziliyalıya istirahət vermək, Patrik Andradeyə güvənmək daha yaxşı olardı. Julio “çatdırmadıqda” “canlı bomba”ya çevrilir. Fitilini bir neçə oyun öncədən çəkmişdi, nəhayət, dünən…
Romaonun qovulması ilə Marko Yankoviçin meydanda işinin həcmi artdı, Yasin Benzia həm də “qara iş” görməyə başladı və hücumda kəsərimiz azaldı. Belə bir vəziyyətdə hakim də daha tanınan kluba rəğbət bəsləyincə məğlubiyyət qaçılmaz oldu. Meydanın mərkəzində futbolçularımıza qarşı ən kobud hərəkətlərə göz yuman şotland ədalət təmsilçiləri qonaqların ilk qolu zaman Yankoviçin yerdə qalmasını görməzdən gəldi. Xeyli epizodda ikili standart tətbiq etməsi penalti anlarında daha qabarıq özünü göstərdi. Kevin Medinanın hərəkəti cərimə idisə, Olavio Juninyo yerdə qalarkən iki penalti təyin etmək lazım idi.
Azlıqda qalmağın gətirdiyi yorğunluq, hakim qərəzinin psixoloji yükü “Qarabağ” futbolçularını son dəqiqələrdə çökdürdü. “Ayaks”ən hesab arasındakı fərqi böyütməsinin başqa səbəbi yox idi.
…Və nəticə dəyişməyəcək. “Qarabağ” daha bir ev məğlubiyyəti ilə növbəti mərhələyə yüksəlmək şanslarını xeyli azaltdı. Növbəti 5 oyunun önəmi indi daha da artıb. “Qarabağ” ümumi turnir cədvəlinin son pillərindən xilas olmaq üçün xeyli çalışmalıdır. Komandanın oyununda problem yoxdur. İlk iki matçda məhz bu çatışmırdı. Dünən isə komanda yaxşı oynayaraq uduzdu. Romao və hakimlərin sıradan çıxardığı “Qarabağ” qarşıdakı matçlarda eyni səhvləri etməməli, ilk xallarını qazanmalıdır. Qatar yola düşüb, amma hələ çox uzaqlaşmayıb. Sürət yığmağa dəyər.
FƏRİD