“Araz-Naxçıvan” klubunun braziliyalı futbolçusu Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” üzərində 1:0 hesablı qələbə qazandınız. Sizcə, nəticə oyuna görə oldu?

– Bizim üçün çətin oyun keçdi. Çünki rəqib ancaq müdafiə olunmaqla məşğul idi. Bu cür komandalara erkən qol vurmaq isə müşkül məsələdir. Buna rəğmən, qalib gəlməyi bacardıq. Bizim üçün çox önəmli 3 xal qazandıq. Hər görüşə final kimi yanaşırıq. Növbəti oyunlara da ancaq qələbə üçün çıxacağıq.

– Bu görüşdə “Araz-Naxçıvan”a 3 xal qazandıran qola məhz siz imza atdınız. Yeni komandanızdakı çıxışınızdan tam razısınız?

– “Araz-Naxçıvan”da özümü xoşbəxt hiss edirəm. Burada oynamaq mənim üçün çox rahatdır. Klubdakı bir çox şəxsi əvvəldən tanıyırdım. Buna görə də uyğunlaşma prosesini tez keçdim. “Araz-Naxçıvan”da yaşadığım sevincli anlar üçün şadam.

– Ehtiyatda 1 oyunu olan komandanız 9 matçdan sonra 20 xal toplayıb. Bunu yaxşı nəticə sayırsınız? Yoxsa düşünürsünüz ki, daha çox xal toplamaq olardı?

– Çempionatın bunaqədərki hissəsində yaxşı işlər görmüşük. Amma mübarizə hələ bitməyib. Bizim üçün hər oyun böyük əhəmiyyət kəsb edir. Hər matça qol vurmaq, qələbə qazanmaq üçün çıxırıq. Hər dəfə ancaq növbəti matç barədə düşünürük. “Neftçi” və “Sabah”la görüşlərdə xal itkisi ilə üzləşdik. Halbuki həmin matçlardan yaxşı nəticə ilə ayrıla bilərdik. Qazana biləcəyimiz xalları itirmək istəmirik. Səhvlərimizin üzərində çalışırıq. Daha yaxşı oynamaq əzmindəyik.

– Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Dediyim kimi, hər oyuna qalib gəlmək üçün çıxırıq. “Zirə” avrokuboklara vəsiqə uğrunda apardığımız mübarizədə əsas rəqiblərimizdəndir. Evdə oynayacağıq, bu isə o deməkdir ki, bizi ancaq 3 xal qane edəcək.

– “Araz-Naxçıvan” sabiq komandanız “Qəbələ”dən nə ilə fərqlənir? Hansında oynamaq sizin üçün daha rahat olub?

– “Qəbələ” ilə ölkə kubokunun qalibi olmuşam. Möhtəşəm mövsüm keçirmişdik. İndi isə “Araz-Naxçıvan”la uğur əldə etməyə çalışıram. “Qəbələ”də göstərdiyim oyundan daha artığını nümayiş etdirmək istəyirəm. “Qəbələ”də çıxış edəndə də xoşbəxt idim. Eyni zamanda, burada da gözəl anlar yaşayıram. Hər birimiz peşəkar futbolçularıq və olduğumuz komandaya xeyir verməyə çalışırıq.

– “Araz-Naxçıvan”ı mövsümün sonunda avrokuboklara vəsiqə qazanacaq komandalarımızın sırasında görə biləcəyik?

– Bu, bizim əsas hədəfimizdir. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Avrokuboklara vəsiqə qazanacağımıza inanıram.

ABBAS

Shares: