Basketbol üzrə Avroliqa turnirində 5-ci tur sona çatıb. İstanbulda keçirilən “Fənərbağça” – “Panatinaikos” oyunu diqqəti daha çox çəkib.

Ötən çempionatın yarımfinalçılarının qarşılaşmasında bu dəfə də yunan təmsilçisi qələbə qazanıb. Ergin Atamanın yetirmələri böyük üstünlüyü əldən versələr də, sonda qələbəni bayram edə biliblər – 81:76.

“Barselona” evdə ASVEL komandasını qəbul edib. Ötən il autsayder olan Fransa komandası rəqibə ciddi müqavimət göstərib (90:83). Katalonlar yalnız son periodda istəklərinə çata biliblər.

Münhendəki oyun heç də digərlərindən geri qalmayıb. Bu il xeyli güclənən “Bayern” doğma arenada çempionatın əsas favoritlərindən sayılan “Olimpiakos”u məğlub edib – 84:80. Edvards görüşü 30 xalla tamamlayıb. Qonaq komandada Saşa Vezenkov 16 xal toplayıb.

5 turdan sonra “Jalgiris” və “Barselona” turnir cədvəlinə başçılıq edir.

Shares: