“Julio Romaonun etdiyi hərəkət matçın qırılma nöqtəsi oldu. Belə böyük qarşılaşmalarda fərdi səhvlərə yol vermək olmaz. Ona verilən qırmızı vərəqə komandanı fiaskoya gətirib çıxardı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ” – “Ayaks” matçı haqda danışarkən Tərlan Əhmədov deyib.
Təcrübəli mütəxəssis ağdamlıların Avropa Liqasındakı yeni formata hazır olmadığımızı düşünür: “Reqlamentdəki dəyişiklik, rəqiblər arasında 1 oyun olması bizdəki problemləri üzə çıxarıb ki, hələ belə oyunlara hazır deyilik. “Ayaks”la oyunda da ilk 15 dəqiqədə “Qarabağ” pis təsir bağışlamadı. Amma rəqib əsas futbolçularını oynatmırdı. Buna baxmayaraq, “Ayaks”ın heyətində top-klublara gedəcək futbolçular var. Hansı ki, onlarla böyük klublar maraqlanır. Matçın startı bizə əvvəlki “Qarabağ”ın oyunlarını xatırlatdı. Romaonun etdiyi hərəkət matçın qırılma nöqtəsi oldu. Belə böyük qarşılaşmalarda fərdi səhvlərə yol vermək olmaz. Ona verilən qırmızı vərəqə komanda uğursuz fiaskoya gətirib çıxardı”.
Əhmədov ötənmövsümkü komanda ilə indikini müqayisə edib: “Eyni zamanda keçənilki “Qarabağ”la indiki arasında çox fərq var. Keçən il komanda daha əzəmətli idi, hər mövqedə mükəmməl oyun nümayiş etdirir, daha çox rəqabət aparırdı. Hər bir futbolçusu meydana çıxanda can qoyurdu. Bu il Juninyo, Benzia, Medina, Zubir öz potensiallarından çox aşağı çıxış edirlər. Ola bilər ki, hazırda onların yerinə gələcək, meydanda onları əvəzləyəcək futbolçular yoxdu və bu da onlarda rahatlıq yaradır. Keçən il “Braqa” və “Bayer”ə qarşı göstərdikləri oyunlar hara, indiki hara? Komandada nə baş verdiyini Qurban Qurbanov bizdən daha yaxşı bilər. Amma bəzən “Real”, “Barselona” kimi klublarda da belə şeylər ola bilir. Bunlar təbii prosesdir. Düşünürəm ki, “Qarabağ”da yenilənmə prosesi olmalıdır. Bəzi futbolçuların yerinə yeniləri gəlməlidir. Zubir artıq sanki futboldan doyub və əvvəlki oyununu göstərmir. Benzia, Medina və Romaonu əvəzləyəcək futbolçular gəlməlidir ki, rəqabət olsun və komanda özünə gəlsin”.
Əhmədov azarkeşlərin narazılığına da münasibət bildirib: “Ağdam təmsilçisinin belə oyunlarda məğlub olması bizim üçün böyük siqnaldır. Dünən bəzi azarkeşlər istefa şüarları səsləndirdilər. Bu, mənim üçün çox üzücü oldu. Məyus oldum ki, illərdi bizi sevindirən baş məşqçini niyə istefaya səslədilər. Komandaya hazırki durumda dəstək olmalıyıq. Tənqidlər ola, səhvlər deyilə bilər, amma istefa şüarı qəbulolunmazdır. Məğlub olanda və hansısa eniş nöqtəsinə gəlib çatanda məşqçi və ya futbolçuları bu qədər tənqid edib, istefaya səsləmək düzgün deyil. Yaxşı olanda Qurbanova heykəl qoymaq istəyənlər indi istefaya səsləyir. İnsan həyatında bunlar hamısı baş verir. Heç kim həyatınin bütün hissəsini yüksəlişdə keçirmir. Təbii ki, bu proses Qurbanovun timsalında hamının başına gələ bilər. İndiki məqamda futbol ictimaiyyəti, bütün fanat ordusu Qurban Qurbanova və onun komandasına dəstək olmalıdi. Yaxşı olanda dəstək olmağa nə var ki?! Əsas odu çətin zamanda dəstək verəsən. Ağır vəziyyətdə dəstək yoxdursa, deməli, sevgi yoxdur. Biz Azərbaycan futbolunun uğurunu istəyirik. İllərdi ki, bunun öhdəsindən tək “Qarabağ” gəlir”.
GÜNAY SÜLEYMANOVA