Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, mundialın 5-ci günündə sərbəst güləş mübarizəyə start verilib.

Ruslan Abdullayev (61 kq) yarışa inamlı start verib. Həmyerlimiz albaniyalı Endroi Avdyli (11:0) və kanadalı Fotis Papadopoulosa (tuş) vaxtından əvvəl qalib gəlib. Ukraynalı Mikita Abramovla görüş gərgin mübarizə şəraitində keçsə də, yekunda güləşçimiz sevinən tərəf olub – 3:1. Abdullayev yarımfinalda hindistanlı Abişek Dakaya heç bir şans tanımayıb – 11:1. Ruslan finalda rusiyalı Başir Maqomedova 0:4 hesabıyla məğlub olub və U-23 dünya çempionatını gümüş medalla başa vurub.

Cəbrayıl Qadjiyev (74 kq) almaniyalı Satas Volfa 9:3 hesabıyla qalib gəlsə də, 1/8 finalda qırğızıstanlı Orozobek Toktomambetova 1:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qadjiyev təsəlliverici görüşə çıxıb və türkiyəli İsmet Çiftçini mübarizədən kənarlaşdırıb – 11:3. Cəbrayıl bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı İsmayıl Xaniyevə 8:6 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Arseniy Djioyev (86 kq) almaniyalı Coşua Morodionla (11:0) qvatemalalı Kaser Estradaya (11:0) tam üstünlüklə qalib gəlib. Djioyev 1/4 finalda hindistanlı Dipak Dipaka da heç bir şans tanımayıb – 8:0. Təmsilçimiz yarımfinalda yaponiyalı Yuday Takahaşidən güclü olub – 2:1.

Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda yunanıstanlı Qkivi Bliatzeyə 9:11 hesabıyla məğlub olub.

Aydın Əhmədov (125 kq) çinli Jinhai Vanqa (11:0), polşalı Mişel Dubovskiyə (5:4) və yaponiyalı Toyoki Hamadaya (4:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında bolqarıstanlı Alen Xubulovla bacarmayıb – 0:10. Əhmədov bürünc medal uğrunda görüşdə isə ukraynalı Volodimir Koçanova (0:11) uduzub.

Shares: