Dünən baş tutan “Səbail” – “Sumqayıt” matçından sonra qonaqların yarımmüdafiəçisi Rövlan Muradov futbolinfo.az saytına müsahibə verib.

O, öncə 1:0 hesabı ilə qalib gəldikləri matç haqda fikirlərini bölüşüb:

– Yaxşı komandaya qarşı oynayırdıq. Şükürlər olsun ki, baş məşqçimiz Vaqif Cavadovun verdiyi tapşırıqları maksimum dərəcədə yerinə yetirərək, qələbə qazandıq. Qələbəni dünyasını dəyişən Elbrus Məmmədova həsr edirəm.

– Cavadov komandaya nə kimi yeniliklər gətirdi?

– Vaqif müəllim hər bir oyunçuya inandığını vurğulayır. Həm məşqlərdə, həm də iclaslarda çatışmayan cəhətləri aradan qaldırmağımızı tövsiyə edir. Nə dərəcədə alındığını deyə bilmərəm, əsas odur bu gün əzmkar şəkildə mübarizə apararaq, qələbə qazandıq.

– Mövsüm ərzində cəmi 3 qələbəniz var və bunlardan ikisi “Səbail” ilə görüşə təsadüf edib.

– Hər bir oyuna maksimum hazırlaşırıq. Təsadüf elə gətirdi ki, “Səbail” ilə qarşılaşmaların hər ikisində qələbə qazandıq. Başqa xüsusi bir səbəbi yoxdur.

– Hazırda turnir cədvəlinin sonuncu pillələrindəsiz. Komandanın sabit çıxış etməsi üçün nə çatışmır?

– Hər məşqdə canla-başla çalışırıq. İstənilən komandaya qarşı var gücümüzü ortaya qoyaraq meydana çıxırıq. Təəssüf ki, bəzən şansımız gətirmir, oyunlarımız alınmır.

– Növbəti turda evdə “Sabah”la qarşılacaqsınız. Səncə, qələbənin davamını gətirə biləcəksinizmi?

– Bugünkü oyundan sonra qısa fasiləmiz olacaq. Daha sonra məşqlər edib, iclaslarda “Sabah”ı dərindən analiz edəcəyik. İnşallah, doğma azarkeşlər önündə qalib tərəf biz olarıq. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

GÜNAY SÜLEYMANOVA

Shares: