Misli Premyer Liqasında mövsümün ikinci yarısı daha maraqlı olacaq. Xüsusilə avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə izləyəcəyik. Turnir cədvəlnin ortalarındakı sıxlıq, bərabərgüclü rəqiblərin güzəştsiz rəqabəti belə deməyə əsas verir.

Tur liderlərin qələbəsi ilə yadda qaldı. “Qarabağ” asan qələbə ilə zirvədə möhkəmləndisə, “Turan Tovuz”un son saniyələrdə vurduğu qol bəlkə də komandanın mümkün enişinin qarşısını aldı. Lakin qərblilərin mövsümün əvvəlindəki kimi parlaq oyun sərgiləmədiyi aşkardır. Həm heyət yetərsizdir, həm də rəqibləri Kurban Berdıyevin yetirmələrini getdikcə daha yaxşı təhlil edib tədbir görür.

Medallara əsas namizəd kimi görünən 4 komandanın turu bərabərliklə başa vurması amansız mübarizənin nəticəsi idi. “Zirə” son dəqiqələrdə qələbəni əldən versə də, “Araz-Naxçıvan”ın irəli qaçmasına şərait yaratmadı. Amma qələbə qəsəbə təmsilçisinə daha çox yarayardı. İndi hətta bu rəqiblə təxirə salınan oyunda qələbə də naxçıvanlılara çatmağa imkan verməyəcək.

“Araz-Naxçıvan”ın məğlubiyyətsizlik seriyası davam edir. Amma son tur göstərdi ki, muxtar respublika təmsilçisinin qələbə qazanması üçün hakim yardımına ehtiyac var. Bu komanda oyununa qərəzsiz, yardım niyyəti olmayan hakimlər təyin olunan kimi xal itirir. Komandanın əksər qələbələrində hakim izi var.

Bu tur “Sabah”ın 4-cü pilləyə qalxmaq şansı var idi. Amma ev oyunlarında çox xal itirən “bayquşlar” bu dəfə penaltini də boşa verincə ənənəsinə sadiq qaldı. Yeganə müsbət məqam komandanın uzun fasilədən sonra qapısını toxunulmaz saxlamasıdır.

Samir Abasovun gəlişindən sonra oyun planında inkişafı aşkar görünən “Neftçi” 6-cı heç-heçəyə imza atdı. Ötən tur ilk qələbəsini qazanan bakılılarda baş məşqçi dəyişikliyinin hansı effekti verdiyi “Sabah”la görüşdə bilinməli idi. 3 xal qazanılmasa da, qonaqların bərbad futboldan qurtulduğunu demək olar. Əsas rəqiblərdən birinə uduzmayan “Neftçi”nin yavaş-yavaş yuxarı pillələrə “dırmaşacağı” realdır.

Baxmayaraq ki, bu tur “Neftçi”nin yenidən geriləməsi ilə əlamətdar oldu. Çünki “Sumqayıt” “Səbail”lə səfər oyununda vacib qələbə qazandı. Vaqif Cavadovun ilk xalları həm də komandanı autsayderlər qrupundan uzaqlaşdırdı. Birbaşa rəqibinə yenilən “Səbail”i isə daha çətin günlər gözləyir. Ev oyunundakı uğursuzluqlar sıralandıqca Premyer Liqanı tərk etmək qorxusu da çoxalır. Halbuki Fərid Nəbiyev penaltini qola çevirsəydi, indi Şahin Diniyev daha rahat nəfəs alardı.

“Kəpəz” yenə məğlubiyyətləri sıralayır. Düzdür, komanda ilk dövrəylə müqayisədə daha yaxşı oynamağa başlayıb. Lakin digər autsayderlərə yaxınlaşmaq üçün xallara ehtiyac var. Yəqin ki, gəncəlilərin taleyini birbaşa rəqibləri ilə görüşlərdəki nəticələr həll edəcək.

Ardıcıl 3-cü məğlubiyyətini alan “Şamaxı”nın uğurlu seriyadan sonrakı nəticələri Ayxan Abbasovu razı sala bilməz. Komanda ilk dövrədə mühüm xallar qazandı, amma həyəcanlanmamaq üçün yeni qələbələrə ehtiyac var. “Qarabağ”a məğlubiyyət başadüşüləndir, qışa qədərki dövrdə yeni qələbələr olmasa, komanda bir anda özünü “Kəpəz”ə qonşu görə bilər.

FƏRİD

Shares: