Cari mövsüm Misli Premyer Liqasında əcnəbi futbolçuların vurduğu qol sayı 100-ü haqlayıb.
Futbolinfo.az saytının məlumatına görə, gəlmələrin yubiley qolu “Qarabağ” – “Şamaxı” oyununa təsadüf edib.
Qarşılaşmada ikinci qolun müəllifi olan albaniyalı hücumçu Redon Cica legionerlərin cari mövsümdəki ümumi qol sayını 100-ə çatdırıb. Yassin Benzia isə 101-ci qola imza atıb. Bu tura qədər ölkə çempionatında əcnəbilərin qolu 94-ə bərabər idi. Bu mövsüm yerli futbolçular isə birlikdə cəmi 41 dəfə fərqləniblər.
Cica həmçinin “Qarabağ”ın çempionatlar tarixindəki 1600-cü qolunun müəllifi olub.
Bundan başqa, “Kəpəz” və “Qarabağ” cari mövsüm ilk dəfə penalti qoluna seviniblər. Gəncəlilərdə Luis Paçu “Turan Tovuz”la səfər oyununda (1:2), ağdamlılarda isə Toral Bayramov “Şamaxı” ilə ev matçında (3:0) rəqibi mərkəzə dəvət edib.
Diqqətçəkən məqamlardan biri isə 3 oyunda komandaların penaltidən yararlana bilməmələri olub. “Turan Tovuz”dan Kristian da Silva “Kəpəz”lə (2:1), “Sabah”dan Cesse Sekidika “Neftçi” ilə (0:0), “Səbail”dən isə Fərid Nəbiyev “Sumqayıt”la (0:1) matçda 11 metrlik zərbəni qola çevirə bilməyib.