Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının müdafiəçisi Alisia Korrea Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı sol cinah oyunçusu ilk matçdakı 4:1 hesablı qələbəyə baxmayaraq, hələ də növbəti mərhələyə vəsiqəni təmin etmədiklərini düşünür: “Hələ də hədəfə çatmamışıq. Azərbaycana qarşı Bakıda yaxşı oyun keçirdik. Ancaq onlar da asan rəqib deyillər. Sadəcə, matçı bizim üçün asanlaşdıran özümüz olduq. Təkmilləşmək və pley-off səddini aşmaq üçün diqqətli olmaqda davam edəcəyik. Azərbaycana qarşı hələ bir görüşümüz olacaq. Bu üzdən növbəti mərhələ barədə düşünməyin mənası yoxdur. İlk matçda etdiklərimiz bizi favoritə çevirib. Televiziyada və stadionda bizi izləyən hər kəsə oyunumuzu göstərmək istəyirik. Azarkeş dəstəyi əlavə gücdür”.
Portuqaliya millisi sabah uduzmayacağı təqdirdə məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdıracaq və tarixi rekordunu yeniləyəcək. Alisia Korrea buna xüsusi önəm verdiklərini deyib: “Bu barədə danışmışıq. Əlbəttə ki, belə rekorda nail olmaq istəyirik. Uduzmadan çoxlu oyunlar keçirmək əladır. Bu rekordu qırmaq əla olar”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu sabah Vizela şəhərində keçiriləcək.