Frank de Bleker Misli Premyer Liqasının 10-cu turunda baş verən hakim səhvlərindən yayına bildi. Amma daim gizlənmək mümkün olmadı. Bizim ədalət təmsilçiləri o qədər “məhsuldar” işləyir ki, Hakimlər Komitəsinin sədrinin etirafdan başqayolu yox idi. Və o, dünən yetirmələrinin son turdakı səhvlərini boynuna almalı oldu.
Zatən belçikalının buna məcbur olacağını həftələrdir yazır, proqnozlaşdırırdıq. Onun hakimliklə bağlı turbatur hesabat verməsi gez-tez etiraflara məcbur olacağı demək idi. Düzdür, de Bleker yenə də hakimləri qorumağa, əlyeri olan epizodlara fərqli yorum verməyə çalışır, lakin elə səhvlər var ki, onları etiraf etməkdən başqa yol yoxdur.
Məsələn, 11-cu turun “Qarabağ” – “Şamaxı” görüşünün 48-ci dəqiqədəki epizodun bəraət yox idi. Əks halda, belçikalı özü-özünü təkzib edəcəkdi.
SİTAT: “Hakim “Qarabağ” komandasının lehinə penalti qərarını verir. VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi”.
Bu, təkcə baş hakim Cavid Cəlilovun yox, həm də VAR komandasının səhvinin etirafıdır. Deməli, epizodik səhv edilməyib, hakimlər hətta videotəkrara baxdıqdan sonra da düzgün qərar verə bilməyiblər. Bu isə hakimliyin fiaskosu, Hakimlər Komitəsinin utanmalı olduğu məqamdır.
De Bleker fərqli danışa bilməzdi. Çünki oxşar epizoda görə o, 8-ci turun “Neftçi” – “Sumqayıt” matçında (1:1) Cavid Cəlilovu müdafiə etmişdi. Təqdim etdiyimiz videodan da göründüyü kimi, hakim oxşar epizodlarda fərqli davranır. Belçikalı eynisini etməməyə məcbur oldu.
İndi əsas sual Cəlilovun hansı cəzanı alacağıdır. “Qarabağ”ın belə səhvlərə ehtiyacı olmadığı aydındır, amma fakt budur ki, ağdamlılar “Şamaxı” ilə oyunda məhz bu səhvdən sonra hesabı açdı. Deməli, sözügedən səhv nəticəyə təsir edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da “yüngül, asan penalti idi” deməklə ədalətli olduğunu göstərmişdi.
Cavid Cəlilovun hoqqaları bitib-tükənmir. Elçin Məsyevlə birlikdə “Araz-Naxçıvan”ın liderlər qrupunda olmasına önəmli töhfə verən bu şəxsin təyinatlarına diqqət etmək lazımdır. Eyni zamanda sözügedən hakimlərin hazırlıq durumuna fikir verməkdə də fayda var. Bu iki nəfərin cari mövsüm yarılanmamış zədələnib oyun zamanı əvəzlənmələri göstərir ki, başları kabinet oyunlarına qarışıb, heç fiziki hazırlıqlarına da diqqət yetirməyiblər.
Naxçıvanlılardan söz düşmüşkən, de Blekerin dünənki izahat tipli açıqlamasında bu komandanın “Zirə” ilə matçı unudulub. Görünür, qonaqların qapısına təyin edilən penaltini müzakirə etməklə “Araz-Naxçıvan”ı növbəti dəfə hədəfə gətirmək istəməyib. Halbuki hakim qalmaqallarında baş rolda məhz bu komandadır. Lakin son turda onlara verilən növbəti xal payı unudulub. Doğrudur, Əliyar Ağayevi təyin etdiyi penalti qərarına görə çox da tənqid etmək olmur, amma oxşar epizodların fərqli şərhini o qədər görmüşük ki…
AFFA Hakimlər Komitəsinin sədri “Turan Tovuz” – “Kəpəz” matçından danışarkən 15-ci dəqiqədəki epizoda qəribə izah verib: “Turan Tovuz” komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi”.
Gülməli açıqlamalıdır. Hörmətli de Blekerin nəzərinə çatdıraq ki, oyunun yayım hüququ AFFA-nın yiyəsi olduğu “CBC Sport”dadır. Deməli, belçikalı həm də qurumun prezidenti Rövşən Nəcəfin işləmədiyini, kanalın texniki imkanlarını yaxşılaşdırmadığını gündəmə gətirir. Cəsarətinə görə hörmətli sədrə əhsən! Amma hətta məhdud imkanlarla da təqdim olunan görüntüyə əsasən oyunçunun topa əllə toxunduğunu görmək mümkün idi (FOTOya diqqət).
Beləliklə, hakim səhvləri de Blekerin də başını ağrıtmağa başladı. Bundan sonra ondan hər oyundan sonra bu tipli açıqlamalar istəniləcək, epizodların şərhi tələb olunacaq. Səhvlərin davamı isə mütləq olacaq. Çünki Elxan Məmmədovun Azərbaycan futboluna caladığı Frits Stuxlikin vaxtında hakimlik məktəbi elə darmadağın edilib ki, indi söz sahibi olan Məsiyev, Cəlilov və başqaları ədaləti yox, kimlərinsə marağını qoruyur.
FƏRİD