“Kəpəz”in belaruslu kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a məğlubiyyətdən (1:2) başlayaq. Qərb derbisində yenə uduzan tərəf siz oldunuz. Bu dəfə yaxşı nəticə üçün nə çatışmadı?

– Sadəcə, bir qol çatışmadı. Düşünürəm ki, cari mövsümdə ən yaxşı oyunumuzu keçirdik. Bu görüşdə bizdə çox şey alındı, baş məşqçinin planlarının əksəriyyəti reallaşdı. Belə oyunda uduzmaq çox məyusedicidir. Meydanı heç olmasa, 1 xalla tərk etməliydik.

– Adil Şükürovun gedişindən sonra komandanın baş məşqçisi postuna Azər Bağırov gətirildi. Ancaq görünən odur ki, Bağırov da gedişatı dəyişməkdə acizdir. Bu barədə nə deyə bilərsiniz?

– Adil müəllim “Kəpəz”dən ayrılandan sonra komandaya 6 yeni futbolçu qoşuldu. Onların tam uyğunlaşması, meydanda bir-birini gözüyumulu başa düşən kollektivə çevrilməyimiz üçün vaxt lazımdır. Bizim isə toparlanmaq üçün olduqca az zamanımız var. Vəziyyəti dəyişmək üçün əlimizdən gələni edirik. Düşünürəm ki, qarşıdakı matçlarda bizdə hər şey alınacaq.

– Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində “Ağdaş”la qarşılaşacaqsınız. Bu görüşdə asan qələbə qazanacağınızı gözləyirsiniz?

– Xeyr, asan qələbə gözləmirəm. Təbii ki, komandaların səviyyəsi fərqlidir. Amma keçən mövsüm II Liqa klubu ilə oyunumuzu xatırlayıram. Əsas vaxtda qol vura bilməmişdik, nəticədə əlavə 30 dəqiqəni oynamaq məcburiyyətində qalmışdıq. Bu səbəbdən “Ağdaş”la matça ciddi yanaşırıq.

– Çempionatın növbəti turunda isə “Səbail” ilə üz-üzə gələcəksiniz. Rəqib də sizin kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. “Kəpəz”in bu görüşdə şanslarını necə dəyərləndirirsiniz?

– Açığı, “Səbail”lə oyun haqda nə məşqçilərimizlə, nə də paltardəyişmə otağında öz aramızda müzakirə etmişik. Çünki oyundan-oyuna yanaşmağı üstün tuturuq. İndi bizi ölkə kubokundakı matç maraqlandırır. Həmin görüşdən sonra “Səbail” ilə oyun barədə düşünəcəyik.

– Artıq 11 tur geridə qalıb və “Kəpəz”in cəmi 3 xalı var. Komandanızın uğursuz performans göstərməsinin əsas səbəbini nədə görürsünüz?

– Yeni mövsümə yeni komanda ilə başladıq. Ötən sezondakı heyətimizdən az sayda futbolçu qalmışdı. Bizdə heç nə alınmırdı və bu, bariz görünürdü. Bundan sonra komandaya yeni baş məşqçi gəldi. Onun tapşırıqlarını, bizdən nə istədiyini tam qavramaq üçün vaxt lazımdır. Bayaq da dediyim kimi, yeni məşqçi gələndən sonra heyətimizə 6 yeni futbolçu qoşuldu. Hər kəs komandanın oyun üslubuna uyğunlaşmalıdır. Bundan əlavə, uğursuz çıxışımızı psixoloji amillə də əlaqələndirərdim. Ardıcıl 3, 4, 5 oyunda uduzursansa, bu uğursuz seriyanı qırmaq çətinləşir. Lakin son turlarda “Neftçi” və “Turan Tovuz”la matçlarda göstərdik ki, komandamız futbol oynamağı bacarır. Vəziyyəti dəyişəcəyimizə inanıram.

– “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?

– Bilirsiniz ki, 3 ildir “Kəpəz”in formasını geyinirəm. Əvvəlki mövsümlərdə də komandanın qarşısına Premyer Liqada qalmaq tapşırığı qoyulmuşdu və biz missiyanı yerinə yetirə bilmişdik. Əminəm ki, bu sezon da qarşımıza qoyulan tapşırığın öhdəsindən gələcəyik.

ABBAS

Shares: