“Heç nə istədiyimiz kimi getmədi. Penaltini qaçırdıq, boş qapıya qol vura bilmədik. Sanki bizim günümüz deyildi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın qapıçısı Nicat Mehbalıyev deyib.

Qolkiper bu mövsüm komandaların daha da gücləndiyini bildirib: “Həm “Neftçi”, həm də bizim üçün çox əhəmiyyətli oyun idi. Evdə, doğma azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Lakin heç nə istədiyimiz kimi getmədi. Futbolda belə şeylərin baş verməsi normaldır. Bu mövsüm komandalar daha da güclənib. Artıq avrokuboklara vəsiqə uğrunda daha çox komanda mübarizə aparır. Buna görə işimiz çətinləşib. Komanda sayı az olsa da, hər biri keyfiyyətlidir, hər biri meydana döyüşkən ruhla çıxır. Növbəti tur səfərdə “Sumqayıt”la qarşılaşacağıq. Komanda olaraq məqsədimiz qalib gələrək, turnir cədvəlindəki yerimizi daha da yaxşılaşdırmaqdır”.

Xatırladaq ki, “Sabah” – “Neftçi” matçı qolsuz başa çatıb. Meydan sahibləri penaltini boşa verib.

GÜNAY SÜLEYMANOVA

Shares: