“Şamaxı”nın futbolçusu Brahim Konatenin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzdunuz. Matç barədə düşüncələriniz necədir?
– Bilirik ki, “Qarabağ” çox yaxşı komandadır. Qarşılaşmadan xalla ayrılmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, istədiyimiz kimi olmadı. Ümumilikdə isə pis matç keçirmədik.
– İlk hissədə yaxşı oynadınız. İkinci hissədə nə dəyişdi?
– Narahatlıq yoxdur. Futboldur və kimsə uduzur, kimsə udur. İstənilən halda, “Qarabağ” kimi səviyyəli komandalara qarşı oynamaq yaxşıdır. Bu dəfə də elə idi, maraqlı oldu.
– Bu rəqiblə oyunda 1 xal qazansaydınız, yaxşı nəticə sayılacaqdı?
– “Qarabağ” avrokuboklarda oynamağa öyrəşmiş komandadır. Onların heyətindəki futbolçuların səviyyəsi hər kəsə bəllidir. Avropada adlı-sanlı klublara qarşı oynayan oyunçuların səviyyəsi yuxarıdır. Bizim çempionatda ən çətin rəqib məhz “Qarabağ”dır. Onlara qalib gəlmək çox çətindir.
– Qapınıza təyin edilən penaltidən narazısız?
– Mən hakim deyiləm, ona görə də düzgün qərar olub-olmadığını mühakimə etmək fikrim yoxdur. Amma ilk hissədə bizim də penalti vurmaq şansımız var idi, hakim VAR-a baxmağa getsəydi, yaxşı olardı. Məncə, orada 11 metrlik zərbə qərarı çıxacaqdı. Çünki mənim baxış bucağımdan elə görünürdü. Düşünürəm ki, qapıçı bizim oyunçuya toxunmuşdu.
– Artıq 4 oyundur ki, qələbə qazana bilmirsiniz. Bu matçların 3-də uduzmusuz, 1-də heç-heçə etmisiz. Qarşıda da “Zirə” ilə ağır oyun sizi gözləyir.
– “Zirə” yaxşı komandadır. Dediyim kimi, hər oyuna xal almaq üçün çıxırıq. Bu matça da 3 xal üçün çıxacağıq. Ən yaxşı səviyyədə hazırlaşacağıq.
FƏRİD