Ruben Amorim Mançesterə köçür. Amma portuqaliyalı mütəxəssisin ünvanı dəyişib.

Futbolinfo.az xəbər verir ki, 4,5 ildir “Sportinq”ə uğurla rəhbərlik edən 39 yaşlı mütəxəssis “Mançester Yunayted”dən rəsmi təklif alıb. Erik ten Haqı istefaya göndərən mankunianlar niderlandlının xələfi kimi məhz ona güvənmək istəyir. Lissabon klubu Amorimə danışıqlar aparmağa icazə verib.

“Mançester Yunayted” məşqçinin müqaviləsində nəzərdə tutulan 10 milyon avroluq sərbəstqalma bəndindən faydalanacaq. “Sportinq” həmin məbləğ ödəniləcəyi halda məşqçisi ilə vidalaşmağa hazırdır. Yekun qərar həftə ərzində verilməlidir.

Maraqlıdır ki, bir müddət əvvəl “Mançester Siti” Amorimi baş məşqçi postuna gətirmək istəyirdi. Xosep Qvardiola mövsümün sonunda bitəcək anlaşmasını yeniləməyə tələsmədiyindən, klub rəhbərliyi alternativ variantları nəzərdən keçirirdi. Namizədlər siyahısında isə məhz Amorimin adı ilk pillədə idi.

Shares: