2024-25 mövsümündə ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların adları müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, Avropa ölkələri arasında aparılan araşdırmaya əsasən, Azərbaycan klubu “Qarabağ” da ilk “10-luğ”a düşüb.

Azərbaycan çempionu Misli Premyer Liqasında keçirdiyi 10 oyundan 9-da rəqiblərini məğlub etməyi bacarıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə qitənin ən yaxşı 8-ci komandasıdır. Ağdamlılar Bosniya və Herseqovina təmsilçisi “Jirinski” ilə bu pilləni bölüşdürürlər.

Cədvələ Çexiya “Slaviya”sı və Serbiya “Srvena Zvezda”sı başçılıq edir. Hər iki komanda ölkə çempionatının geridə qalan 12 matçının 11-də qələbə sevinci yaşayıb.

“Böyük beşlik” ölkələrinin klublarında yalnız “Barselona” “Qarabağ”dan yaxşı göstəriciyə malikdir. Kataloniyalılar La Liqanın ilk 11 qarşılaşmasının cəmi 1-də rəqibini məğlub edə bilməyib.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm yeganə xal itkisinə 4-cü turda “Turan Tovuz”la görüşdə məruz qalıb. Avqustun 24-də “Azərsun Arena”da baş tutan matçda tovuzlular 1:0 hesablı qələbə qazanıb.

Shares: