Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Portuqaliya yığmasının heyətlə bağlı problem davam edir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hücumçu Stefanie Ribeyro cavab görüşünü buraxmaq təhlükəsi yaşayır.

Meksikanın UNAM klubunda çıxış edən 30 yaşlı ön xətt oyunçusu oktyabrın 25-də Bakıda baş tutan ilk qarşılaşmanı zədə səbəbindən buraxmaq məcburiyyətində qalmışdı. Millinin həkimləri onun cavab qarşılaşmasını da buraxmaq ehtimalının yüksək olduğunu bildirib. Çünki Ribeyro komandadan ayrı fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, bu gün Vizelada keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Shares: