O, Azərbaycan kino və teatrının önəmli fiqurlarındandır. Filmlərdə və tamaşalarda nəinki danışığı, hətta duruşu belə adama zövq verir. Fikirləşirsən ki, bəli, Nurəddin Mehdixanlı əsl sənət adamıdır.

Amma xalq artistimiz həm də idman adamıdır. Vaxtilə idmanla məşğul olub, indi də idmanla yaşayır. İdmanın mənəviyyat üzərində inkişafının tərəfdarı olan Nurəddin bəylə görüşmək üçün Akademik Dram Teatrına yollandım və onun mühazirə ruhlu müsahibəsindən bəhrələndim.

– İdmana nə dərəcədə bağlı insansınız?

– Əvvəllər “idman” sözündən daha çox “bədən tərbiyəsi” sözünü daha çox eşitmişik. Hətta bağçalarda da bədən tərbiyəsi var idi. Orta və ali məktəblər öz yerində. Ən peşəkar səviyyəyə “idman” deyirdik. Yəni hər bir insan bədəninin tərbiyəsi ilə məşğul olmalıdır. Sağlam yaşamaq istəyiriksə, bədənimizi tərbiyə etməliyik. Bu mənada idmana münasibətim çox yaxşıdır. Orta məktəbdə “Üfiqdə parıltı” hərbi idman yarışı var idi. Onun ən aktiv üzvlərindən biri idim. Mən Cəlilabadda kənd şəraitində böyümüşməm. Bizim bir Firdovsi adlı riyaziyyat müəllimimiz var idi. Amma o, bizə daha çox idman dərsi keçirdi. Həyətdə turnik qurmuşdu, özü yaxşı akrobatik hərəkətlər etdiyindən bizə də bunu öyrətmişdi. Bununla yanaşı qaçırdıq, güləşirdik. 15 yaşım olarkən Bakıya köçməli oldum. Bura gələn kimi “Neftçi” İdman Cəmiyyətində güləşlə məşğul olmağa başlamışam. İncəsənət İnstitutuna daxil olduqdan sonra isə Kamran Qasımov adlı idman müəllimizin boks dərnəyinə yazıldım. Onun rəhbərliyi altında 4 il boksla məşğul olmuşam. Burnumun sınması da orada olub. Bir gün rəhmətlik aktyor sənəti müəllimimiz, böyük rejissor Adil İsgəndərov mənə dedi ki, “qada, burnuna nə olub?!” Uşaqlar dedi ki, “boksla məşğul olur”. Üzünü mənə tutub dedi ki, “boksçu olmaq istəyirsən? Sən belə et, ya aktyor ol, ya boksçu, qada, aktyorun sifəti əzilməməlidir”. Mən də artıq boksun başını buraxdım. Buna baxmayaraq, heç vaxt həyatımda idmandan ayrılmamışam. Yüngül atletika və üzgüçülük mənim ən çox sevdiyim idman növləridir. Bir də uşaqlıqdan at belində böyümüşəm deyə, atı çox sevirəm. Elə institut illərində üzgüçülük, gimnastika və ata minmək bizim proqramımızda var. İdman daim həyatımda olub. Mən hər gün səhər piyada gəzirəm, axşam da həmçinin. Oğlum Haski cinsindən bir at alıb, onu balacalığından böyütmüşük, bu iti də gəzdirirəm. Ümumiyyətlə, belə bir söz var ki, “qılınc daim qınında olsa, qının hansı materialdan hazırlanmasına baxmayaraq, pas atacaq”. Ona görə də qılınc işlənəndə daha kəsərli olur. İnsan da gərək öz bədəninin sağlamlığının qeydinə qalsın.

651d9a11 f39c 412d 973e 5f00c1a2601b - Futbolinfo.az

– Futbolla aranız necədir?

– Sovet dövründə “Neftçi”nin oyunlarına baxırdıq. O da nəyə görə?! Özümüz də fərqinə varmadan bu intriqanın içində idik. İrəvanda da bu görüş böyük ajiotaj doğururdu, Bakıda da. Burada bir təəssübkeşlik məsələsi var idi. Amma ümumi planda mən futbolla maraqlanmamışam. Amma Braziliya millisi istisna olub.Həmişə oyunlarına baxmışam. Pele bəlli idi, amma mən Qarrinçanı daha çox bəyənmişəm. Onun bir ayağında problem olmasına baxmayaraq, mükəmməl oynayırdı. Təəssüf ki, son illər Braziliya millisi ümidləri doğrultmur. Komanda olaraq var, amma oyunları yoxdur. Bir də son illər “Qarabağ”ın uğurlu çıxışı diqqətimizi çəkməyə bilməz. Mən indi ancaq “Qarabağ”ın oyunlarına baxıram. O da milli təəssübkeşlikdən irəli gələn bir cəhətdir. Mənim yaxından maraqlandığım iki idman növü var: şahmat və boks. Daim onları izləyirəm. Şahmatçılarımızın qatıldığı bütün yarışları izləyirəm. Şahmat zəkanın idmanıdlır, boks isə cəsarətli insanların özünü sınadığı növdür. Hər adam boksçu ola bilməz. Doğrudur, qaydasız döyüş də var, amma mən bu idmanı bəyənmirəm. Orada qəddarlıq var. Ona ümumiyyətlə idman demək olmaz. Sadəcə, böyük pulların at oynatdığı yerdə MMA meydana çıxdı. Güləş gözəl idman növüdür, amma boks ayaqüstə savaşdır, zərbələrə zərbə ilə cavab verməkdir, yara alsa da, davam etməkdir. Ona görə də mən boksu çox sevirəm.

– Buna baxmayaraq, güləş və cüdoda olimpiya çempionlarımız olsa da, boksda hələ qızıl medalımız yoxdur.

– Bir dəfə teatrın bufetində Siyavuş Aslan, Eldəniz Zeynalov, Kamal Xudaverdiyev və bir neçə korifey aktyorumuz əyləşib futbol millimizin məğlub olduğu oyunu müzakirə edirdik. Eldəniz müəllim də oturub çayını qurtum-qurtum içir və dərhal söhbəti kəsir: “qədeş, dayanın görək, futbol bizim oyunumuz deyil, bizimki güləşdir”. Hamı yerdən etiraz etdi ki, “xeyir ola, futbola nə gəlib ki?” Qayıdıb deyəsən ki, “güləş ona görə bizimdir ki, orada badalaq var” (gülür). Bəli, güləş bizimdir! Orada ona görə uğur qazanırıq ki, bu növün bizdə qədim ənənələri var. Bu sözü həmçinin çövkənə da aid etmək olar. Çünki bu oyunda türk ruhu var. Başqa xalqlar heç vaxt onu bizim regionun idmançıları kimi oynaya bilməz. Məsələn, karatedə heç kim yaponlar qədər uğur qazana bilməz. Məsələn, biz heç vaxt xor oxumağı sevməmişik, halbuki, gürcülərdə xor sənəti çox inkişaf edib. Bizimki solo olub. Güləş solodur, təkbətək mübarizədir. Tarixə boylanmalı olsaq, iki ölkənin qoşunları üz-üzə gələndə birinci pəhlivanları qabağa verərdilər. Onların arasında təkbətək döyüş təşkil edərdilər, kimin döyüşçüsü fərdi savaşda məğlub olsaydı, onun qoşunu məğlubiyyəti qəbul edib qoşunu geri çəkəcəkdi. Ona görə biz güləşdə böyük uğur qazanırıq, boks isə sonradan bizə sıranıb. Buna baxmayaraq, bizim çox güclü boksçularımız olub. Amma Olimpiadalarda qızılımız yoxdur. Yeri gəlmişkən, boksda ən sevdiyim əlcək ustası özbəkistanlı Rüfət Riskiyev olub. O, mənim kumirim idi. Mükəmməl boksçu idi. Qaydasız döyüşdən danışdıq, bu gün dünyanı heyrətdə qoyan Rafael Fiziyev kimi idmançımız var. Zabit Səmədov məğlubiyyətsiz irəliləyir. Şahmatın özündə belə uğurlar qazanırıq. Artıq şahmatda dünyada söz sahibiyik. Futbol isə kollektiv oyundur. Bu oyunu kollektiv oynamağı öyrənmək lazımdır. Burada futbolçuları düzgün seçmək lazımdır. Məktəb və məhəllə futbolu bərpa olunmalıdır. O vaxt məktəblərdə futbol əməlli-başlı tədris olunurdu. Bununla yanaşı, hər bir məhəllənin öz futbol komandası var idi. “Qarabağ” onu göstərdi ki, biz futbol oynaya bilərik.

52b84306 6011 4241 be7d 3fb7f2870e1f - Futbolinfo.az

– “Qarabağ”a da uğur qazandıran legionerlərdir. Ancaq yerli oyunçularla “Qarabağ” bu nəticələri qazanar?

– Bəli, bu gün Azərbaycan idmanına fayda verən müxtəlif xalqların nümayəndələri var. Amma mən Mehmetin, Aslanın, Orxanın, Vüqarın və Gündüzün uğur qazanmasını istəyirəm. Bu gün Braziliya futbolunu öz arxasınca braziliyalılar daşıyır. Biz özümüz olaraq görünmək istəyiriksə, legionerləri minimuma endirməliyik. Bir komandada 2 legioner olar, 7 yox. Bu, çox vacib məqamdır. Biz fiziki cəhətdən çox güclü millətik. Çünki tariximizdə savaş mədəniyyəti var. İdmana bunu gətirməliyik. Mən əminəm ki, yerlilərimizlə Azərbaycan idmanını dünyada ucalda bilərik. Azərbaycanda idmana böyük diqqət ayrılıb, dövlət tərəfindən idmanın inkişafı üçün ciddi işlər görülür. Bu gün hər bölgədə bizim idman komlekslərimiz var. Biz də buna adekvat cavab verməliyik. Bu gün dünyanın hər yerində azərbaycanlı idmançılar başqa dövlətlərin bayrağı altında mübarizə aparır. Amma yenə də qalib gələndə Azərbaycan bayrağını da çıxarıb nümayiş etdirir. Deməli, bizim bu uğuru öz bayrağımız altında davam etdirmə gücümüz var.

– Cəlilabaddan danışdınız, bizim 1990-cı illərdə doğulduğunuz yeri təmsil edən “Ümid” adlı komandamız var idi. Amma təəssüf ki, “Ümid” sonda deyil, əvvəldə öldü…

– Orada Ələddin adlı bir tanışım oynayırdı, yaxşı futbolçu idi… Bilirsiniz necədir? Bölgələrdə futbolun inkişafından ötrü ciddi maliyyə dəstəyinə ehtiyac var. Bizdən çox yüksək səviyyəli güləşçilər və boksçular çıxır. Amma futbolu da inkişaf etdirmək lazımdır. “Ümid” çox perspektivli komanda idi. O vaxt bu komandaya pul ayırırdılar. Vaxtiıə Cəlilabadın I katibi olmuş rəhmətlik İbrahim Qurbanov komandaya ciddi dəstək verirdi. Hazırda Cəlilabadda futbolun dirçəlməsi üçün maliyyə dəstəyi olmalıdır. Mən mədəniyyət sahəsindən nümunə gətirim. Məsələn, Gürcüstanda xeyli teatr var. Dövlət tərəfindən maliyyələşən teatrlara ayrıca olaraq hansısa bir bank da sponsorluq edir. Onlar çox rahatlıqla banka qastrol üçün müraciət edir və xərc qarşılanır. Nəticədə gürcü tamaşaları Avropanın müxtəlif ölkələrində nümayiş olunur. Bizdə bu yoxdur. Halbuki, vaxtilə Hacı Zeynəlabadin Tağıyev kimi milyonçular xalqa gün ağlayırdılar, xeyriyyəçiliklə məşğul idilər. Bu gün də onların adları yaşayır. Futbol da belədir. Bu gün “Ümid” kimi komandaların yaşaması üçün təmsil olunduğu bölgədən iş adamları ortaya çıxmalıdır. Bir vaxtlar Cəlilabadda bələdiyyə teatrı var idi. Bu teatr cənub bölgəsini gəzirdi. Ona dəstək azalandan sonra “Ümid” kimi o da fəaliyyətini dayandırdı. Bu gün cəlilabadlı olan kifayət qədər iş adamı var. Kəndlərdə məscid tikirlər, amma birinin məktəb tikdiyini görmədim. İdmana da dəstək verən yoxdur. Hər şeyi dövlətdən ummaq olmaz. Rayon icra hakimiyyəti bir futbol komandasını saxlamaq gücündə deyil. Buna böyük maliyyə lazımdır. Mən ümid edirəm ki, Cəlilabadın “Ümid” komandası yenidən ümidlərimiz kimi dirçələləcək. Ümid edirəm ki, cəlilabadlı iş adamları səsimizi eşidəcəklər. Çünki bu rayonda futbolun inkişafı üçün hər cür şərait var.

– Maliyyə məsələlərindən danışdız, bu sualı sizə verməyə bilmərəm. Bu gün Azərbaycanda, lap elə dünyanın özündə də idmançılar elm və sənət xadimlərindən daha çox qazanır. Bu nə dərəcədə ədalətlidir? Azərbaycanlı futbolçu niyə alim və aktyordan çox qazanmalıdır?

– Bəli, bu var. Çünki onlar populyar idman növləri ilə məşğul olur. Orada totalizator amili də var. Ortada böyük pullar fırlanır. Doğrudur, Azərbaycanda yerli futbolçu sənət və elm xadimindən daha çox qazana bilir. Amma Türkiyədə, Avropada və ya Amerikada bir futbolçu ilə aktyorun həyat şəraiti arasında böyük uçurum yoxdur. ABŞ-da bir filmin çəkilişi üçün 40-50 milyon dollar xərcləyirlər. Harada nəyə maraq varsa, orada o sahə inkişaf edir. Yeməkdən çox şey asılıdır. Birini supa və ya bozbaşa öyrədirlər, amma birisi balıq kababına öyrənir. Kimi nəyə öyrədirsənsə, o da onu istəyir. Mənə elə gəlir ki, idman da böyük mədəniyyətdir. İdman insanın fiziki mədəniyyətini inkişaf etdirir. Amma insan mənəvi-əxlaqi cəhətdən sağlam olanda daha faydalı ola bilir. Biz futbolu da sevəcəyik, Hüseyn Cavidi, Mirzə Cəlili də. Sənin bağçanda hər meyvə ağacı var. Sən əriyə diqqət yetirib, almaya baxmayacaqsansa, alma azalacaq. İdman, ədəbiyyat və incəsənət insan üçündür. Bütün sahələrdə və peşələrdə əxlaq olmaldlır. Bu gün dünyanın gücdən çox sevgi və mərhəmətə ehtiyacı var. İnsanlıq sevgi, mərhəmət üzərində tərbiyə olunsaydı, bu gün qəddarlığa meyilli idman növlərinin sayı azalardı. Təəssüf ki, indi onların sayı artmaqdadır. İndi dünyada aqressiya var. Biz belə mərhələyə qədəm qoymuşuq. İdman belə deyil. Baxın, Qədim Yunanıstanda Olimpiya Oyunlarında əxlaq nümayiş olunurdu. Fiziki güc insani şəkildə nümayiş etdirilirdi. Heç kimə ziyan vurmurdular. Dünya bu gün ora getməlidir. İnsanlar idmanda əxlaqın və mənəviyyatın qələbəsini görməlidir. Amma biz çox təhlükəli tendensiyanın şahidi oluruq. Bizim əcdadlarımızın məşğul olduğu idman növlərində humanizm var. Amma idmana qəddarlıq Qərbdən gəlib. Şərq idmanı mədəniyyətin üzərində qurulub. Mən razıyam, idmançımız çempion olmasın, amma təmsil olunduğu idman növündə əxlaq nümayiş etdirsin.

17f5f73e 3c74 4e2c 9e50 f4f45a929b42 - Futbolinfo.az

TAHİR MİRZƏ

Shares: