Qadın futbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Fransisku Netu Avropa çempionatının pley-off mərhələsində Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub etdikləri cavab oyununu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis matçın onlar üçün asan keçdiyini bildirib.

“Azərbaycanla matçda çox bacarıqlı və ciddi idik. Bu ciddilik oyunun asan keçməsinə imkan verdi. Qadın futbolu hədsiz dərəcədə inkişaf edir. 30 komanda var ki, bura şamil etmək olar. Digər 20-si isə Azərbaycan kimi hələ prosesin ilkin mərhələsindədir”, – deyə baş məşqçi söyləyib.

Netu Çexiya ilə ikinci pley-offa daha ciddi hazırlaşacaqlarını söyləyib: “Rekorda imza atmağımız bizi sevindirir. Hazırkı yerə gəlib çıxmaq üçün çox əziyyət çəkdik, uğursuz oyunlar keçirdik. Azərbaycan üzərində qələbə Avropa çempionatına çıxmağımız üçün hələ kifayət etmir. Çexiya önündə uğurlu olmasaq, 10 matçlıq məğlubiyyətsizlik seriyasının bir dəyəri qalmayacaq. Çexlər Azərbaycandan fərqlidirlər. Təhlükəli komandadır, topa sahib olmağı xoşlayır. Azərbaycanla top qazanmaq üçün çox reaktiv olmalı idiksə, Çexiya ilə bəzən topsuz qalmağı bilməliyik”.

Shares: