“Milan”ın baş məşqçisi Paulu Fonseka son məğlubiyyəti dəyərləndirib. A Seriyasının növbəti turunda evdə “Napoli”yə 0:2 hesabı ilə uduzan komandanın çalışdırıcısı məsuliyyəti üzərinə götürüb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis öz oyunlarından razı deyil: “Meydanda baş verən hər şeyə görə mən məsuliyyət daşıyıram. Ardıcıl səhvlər edirik, hədəflərdən uzaqlaşırıq. “Napoli” ilə matçda şansları əldən verirsənsə, 5 dəqiqə sonra cəzalanmağınız normaldır”.

Fomseka üstün oynadıqlarını, amma qol vura bilmədklərini iddia edir: “Matçın ümumi gedişinə baxsaq, daha üstün olduğumuzu düşünürəm, topa nəzarət bizdə idi. Pis başladıq, amma cavab reaksiyamız yaxşı oldu. Keyfiyyətli oynadıq, lakin qarşımızdakı komanda əbəs yerə lider olmadığını isbatladı. Azsaylı şanslardan maksimum istifadə etdilər. “Napoli” öz cərimə meydançası ətrafında əla müdafiə xətti qurur”.

Bu məğlubiyyətdən sonra növbəti dəfə Fonsekanın istefaya göndərilməsi məsələsi gündəmə gəlib. A Seriyasında zirvədən uzaq düşən, avrokubokda da uğursuz çıxış edən rossonyerlərin baş məşqçi axtarışlarına başladığı deyilir.

Shares: