“Səbail” klubunun futbolçusu Gülağa Əsədovun futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Dinamo” üzərində 6:0 hesablı qələbə qazandınız. İkinci Liqa komandası ilə matçda hesabın bu qədər böyük olacağını gözləyirdiniz?
– Əvvəla, qələbə münasibətilə komandamı və azarkeşlərimizi təbrik edirəm. Hesabın necə olacağını düşünmürdük, oyuna tam ciddiyyətlə köklənmişdik. Şadam ki, inamlı qələbə sayəsində növbəti mərhələyə adladıq. Çalışacağıq ki, çempionat oyunlarında da belə qələbələr qazanaq.
– “Dinamo” ilə görüşdə 2 qolla yadda qaldınız. Öz oyununuzu necə dəyərləndirirsiniz?
– Dubl etdiyimə görə sevincliyəm. Amma əsas komandamızın qələbəsidir. Bu qələbədə pay sahiblərindən biri olduğum üçün şadam. Üzərimdə daha çox çalışacağam ki, “Səbail”ə faydalı olum, eyni zamanda, özümü inkişaf etdirim.
– Çempionatda sizi nadir hallarda meydanda görürük. Bunun səbəbini nədə görürsünüz?
– Baş məşqçimiz nə qədər şans versə, o qədər də çalışacağam ki, şansdan maksimum istifadə edim. Meydanda daha çox olmaq, daha çox dəqiqələr keçirmək üçün əlimdən gələni edəcəyəm.
– “Səbail”in cari mövsümdəki ümumi çıxışı haqda nə deyə bilərsiniz? Komandanız hələ ki Premyer Liqada öz sözünü deyə bilmir. Bunu nə ilə əlaqələndirirsiniz?
– Çempionatın bunaqədərki hissəsi artıq geridə qalıb. Fikrimizi liqanın qalan hissəsinə yönəltməliyik. Bizim üçün heç nə bitməyib. Hələ ikinci dövrə oynanılır, mövsümün yarısına da çatmamışıq. Məqsədimiz qarşıdakı turlarda maksimum xallar toplayaraq, turnir cədvəlinin yuxarı pillələrinə yüksəlməkdir.
– Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”u qəbul edəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə üçün çıxırıq. “Turan Tovuz”la oyuna da bu istəklə çıxacağıq və qələbə qazanmağa çalışacağıq. İnanıram ki, azarkeşlərimizi yaxşı nəticə ilə sevindirə biləcəyik.
– “Səbail” diqqətini daha çox çempionatdakı yerinizi qorumağa yönəldəcək, yoxsa ölkə kubokunda irəliləməyə?
– Hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Ölkə kubokunda bacardığımız qədər irəliləməyə çalışacağıq. Təbii ki, Premyer Liqadakı nəticələr də bizim üçün böyük önəm kəsb edir.
FƏRİD