“Şimal” yaxşı mübarizə aparsa da, biz əlimizə düşən imkanlardan istifadə edərək, qollarımızı vurduq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Azərbaycan Kubokunun II təsnifat mərhələsinində “Şimal”a 3:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.
O, hər iki komandanın meydana qələbə üçün çıxdığını bildirib: “Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Sonuna qədər yaxşı mübarizə apardıq. “Şimal” bizə qalib gəlmək üçün çox həvəsli idi. Bu da normaldır. Çünki İkinci Liqa komandası Birinci Liqa klubuna qarşı həmişə belə istəkli olub. Eyni şəkildə biz də bundan sonra Premyer Liqa komandalarının hansı ilə görüşsək, daha həvəsli olacağıq. “Şimal” yaxşı mübarizə aparsa da, biz əlimizə düşən imkanlardan istifadə edərək, qollarımızı vurduq. Rəqibə də bundan sonrakı oyunlarda uğurlar arzulayıram”.
Abbasov növbəti rəqibdən də danışıb: “Kubokda növbəti rəqibimiz “Sumqayıt”dır. Bizi maraqlı oyun gözləyir. Çalışacağıq ki, meydanda gözəl futbol göstərərək, mübarizə aparaq. Çünki diqqət mərkəzində olan oyunlardan biri olacaq. Birinci Liqa və Premyer Liqa komandasının oynamasını hiss etdirmək istəmirik. Eyni səviyyəli komanların qarşılaşması kimi görünməsini istəyirik. Əlimizdən gələni edib, qələbə qazanmaq niyyətindəyik”.
Abbasov bu il Birinci Liqanı ilk üçlükdə bitirməyi hədəfləyir: “Düzdür, çempionata pis başladıq, xal itkilərimiz çox oldu. Lakin hələ qarşıda 2 dövrə var. Çalışacağıq ki, maksimum dərəcədə xallar yığaraq, nəzərdə tutduğumuz hədəfə çataq”.
GÜNAY SÜLEYMANOVA