11 turu geridə qalan 2024/2025 mövsümündə xeyli sayda futbolçu Misli Premyer Liqasında debüt edib. Onların arasında legionerlər də var, yerli futbolçular da. Elita iştirakçılarının hamısının heyətində cari sezonda Azərbaycan çempionatında debüt edən oyunçular olub.
Son çempion “Qarabağ”ın heyətində bu mövsüm 4 oyunçu Misli Premyer Liqasında debüt edib. Onlardan 3-ü əcnəbidir: Fabiyan Buntiç, Mateuş Koxalski və Emmanuel Addai. Ağdam klubunda bu statusa yiyələnən yeganə azərbaycanlı futbolçu isə Sadiq Məmmədzadədir. Gənc qolkiperin “köhlən atlılar”ın heyətində və ölkə çempionatında debütü 2-ci tura təsadüf edib. Həmin qarşılaşmada “Qarabağ” “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazanıb.
Ötən mövsümün gümüş mükafatçısı “Zirə”nin heyətində bu sezon hələlik iki debütant var. Hər iki oyunçu “qartallar”a bu yay qoşulmuş legionerlərdir. Söhbət Ange Mutsinzi və Ayron Qomisdən gedir.
Keçən sezonun bürünc mükafatçısı “Sabah” isə bu mövsümdə 4 futbolçunun Misli Premyer Liqasında debüt etməsinə şərait yaradıb. Debütantların hamısı əcnəbilərdir: İvan Lepiniça, Neqoş Kupisoviç, Pavol Şafranko və İqor Noqeyra. “Zirə” kimi “Sabah”da da yüksək dəstədə bu mövsüm heç bir yerli oyunçu debüt etməyib.
Misli Premyer Liqasında cari sezonda debüt edən oyunçulardan 7-si “Sumqayıt”ın üzvləridir. “Kimyaçılar” da “Zirə” və “Sabah”ın yolu ilə gediblər. Yəni “gənclik şəhəri” təmsilçisinin heyətində bu sezon çempionatda bir yerli oyunçu da debüt etmək imkanı qazanmayıb. Debütantlar isə legionerlərdir: Alan Dias, Fernando da Silva, Nikola Vuynoviç, Silvanus Nimeli, Slaviça Redoviç, Giorgi Karaişvili və Miloş Miloviç.
Ötən mövsüm avrokuboklara vəsiqə qazana bilməyən “Neftçi”də ölkə çempionatının cari mövsümündə 7 oyunçu debüt edib. Bunlardan 6-sı “ağ-qaralar”ın sabiq çalışdırıcısı Roman Qriqorçukun vaxtında komandaya cəlb olunan legionerlərdir. Söhbət Andrey Ştoqrin, Dembo Darbo, Edvin Kuç, Mustafa Sek, Rafael Quzzo və Robert Bauerdən gedir. Aralarında cəmi 1 azərbaycanlı debütant var, o da Murad Məmmədovdur. Muradın debütü 9-cu turda “Kəpəz”lə keçirilən matça təsadüf edib. Gəncəlilərin 4:3 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmada Məmmədov məhsuldar ötürmə ilə yadda qalıb. O, görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə kornerdən dəqiq ötürmə verərək, Ağadadaş Salyanskinin başla fərqlənməsinə şərait yaradıb.
Elitada legionerlərə yol açan, hələlik öz yetirmələri yadına düşməyən klublarımızdan biri də “Turan Tovuz”dur. Qərb təmsilçisinin heyətində bu mövsüm Misli Premyer Liqasında 3 oyunçu debüt edib. Söhbət İvan Konovalov, Sergey Samok və Araş Qaderidən gedir.
“Səbail”in heyətində bu sezon 7 debütant var. Baş məşqçi Şahin Diniyev Amir Bilali, Ayman Bouali, Dmirto Litvin, Gitay Sofir və Qorka Laruçça kimi əcnəbilərlə yanaşı, Gülağa Əsədov və Emin Rüstəmov kimi yerli oyunçuların da çempionatda ilk dəfə meydana ayaq basmasına şərait yaradıb. Gülağanın debütü 2-ci turda “Neftçi” oyuna təsadüf edib. Həmin görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Maraqlıdır ki, Emin Rüstəmovun da debütü “ağ-qaralar”la qarşılaşmada reallaşıb. Ancaq Gülağadan fərqli olaraq, Emin “Neftçi” ilə ikinci dövrədəki, daha dəqiq desək, 10-cu turdakı matçda debüt etmək imkanı qazanıb. Bu görüşdə “Səbail” rəqibinə 1:3 hesabı ilə uduzub.
Keçək “Araz-Naxçıvan”ın debütantlarına. Naxçıvan klubunun 4 futbolçusu ilk dəfə cari mövsümdə Misli Premyer Liqasında oyuna çıxıb. Bunlardan üçü əcnəbi (Bernardo Dias, İssuf Paro və Karlos Jatoba), biri isə yerli (Mustafa Əhmədzadə) oyunçudur. Əhmədzadənin debütü 8-ci turda “Səbail”lə qarşılaşmaya təsadüf edib. Sumqayıtda keçirilən həmin oyunda “Araz-Naxçıvan” rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
Çempionatdakı debütant sayına görə ilk pillədə “Kəpəz”dir. Bu da mövsümlərarası fasilədə heyətində ən çox dəyişiklik baş verən komandanın məhz Gəncə təmsilçisi olması ilə əlaqədardır. “Sarı-göylər”in 10 futbolçusu bu sezon Misli Premyer Liqasına qədəm basıb. Bunlardan 8-i əcnəbidir: Karim Lkouça, Keverton Markolino, Lassana Ndiaye, Redon Mihana, Rojerio Santos, Viktor Braqa, Dioqo Verdaska və Mahamadu Ba. “Kəpəz”in heyətində, həmçinin 2 yerli oyunçu cari mövsümdə ölkə çempionatında debüt edib. Qapıçı Məmməd Hüseynov elitadakı ilk oyununu 2-ci turda “Qarabağ”a qarşı keçirib. Həmin görüşün ilk hissəsində gəncəlilərin əsas qapıçısı Rojerio Santos zədələnib və yerini gənc Hüseynova təhvil verib. Məmməd oyun ərzində bir neçə dəfə komandasını qoldan xilas etsə də, qapısından 3 top çıxarmalı olub. Digər debütant Arzu Atakişiyev isə hazırda icarə əsasında “Difai”də çıxış edir.
Bu mövsüm Premyer Liqaya qayıdan “Şamaxı”da 8 futbolçu ölkə çempionatında debüt edib. Onlardan 6-si legionerdir: Brahim Konate, Conatan Benteke, Leroy Mikels, Rikardo Fernandes, Vasiliye Bakiç və Vasiliye Redenoviç. Yerli oyunçulardan isə Edqar Adilxanov və Fəxri Məmmədli bu statusa yiyələniblər. Edqar 1-ci turda “Sabah”la oyunda (2:2), Fəxri isə 10-cu turda “Araz-Naxçıvan”la (0:1) matçda debüt edib.
Beləliklə, ölkə çempionatında bu sezon ümumilikdə 56 futbolçu debüt edib ki, onlardan cəmi 9-u yerli oyunçudur.
FƏRİD