“Hamıya məlumdur ki, meydança problemimiz olduğuna görə komanda şəklində məşq edə bilmirik. Futbolçularımızı matçlara hazırlayırıq. Buna görə də oyundan-oyuna güclənirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şimal”ın baş məşqçisi Tural Cəlilov Azərbaycan Kubokunun II təsnifat mərhələsinində MOİK-ə 1:3 hesabıyla məğlub olduqları oyun haqda danışarkən deyib.

Cəlilov II Liqada yarışan klubun yeni yarandığı üçün hələlik kubokda iddialı olmadığını bildirib: “Matça xüsusi hazırlaşmamışdıq. Bütün oyunlar kimi, MOİK-lə qarşılaşma da eyni önəmi daşıyırdı. İnşallah, zamanla meydança problemimiz də həll olunar. Əsas odur ki, bizdə klubumuzun adına uyğun olaraq, yalnız öz zonamızdan futbolçular oynayır. Komandamızda cavanlar üstünlük təşkil etdiyinə görə əsasən gələcəyi düşünürük. MOİK Birinci Liqa klubudur. Bizə də onlara qarşı necə oynayıb, özümüzü necə göstərəcəyimiz maraqlı idi. Təəssüf ki, hələ o gücdə deyilik. Əsas odu ki, öz oyunumuzu oynadıq. Uşaqlar meydançada var güclərini ortaya qoydu. Komandamdan tam razı qaldım”.

Tural bəy mövsümü nə qədər ön sıralarda bitirə bilsələr, bir o qədər motivasiyalı olacaqlarını söyləyib: “İkinci Liqada isə məqsədimiz çempionatı ilk beşlikdə başa vurmaqdır. Nə qədər ön sıralarda olsaq, bizim o qədər motivasiyamız artacaq. Əlimizdən gələni edirik ki, keyfiyyətli və intizamlı komanda quraq. Meydançada da oyunumuz hər şeyi sübut edir. Əgər gücümüz çatırsa, niyə də yaxşı yerlərə oynamayaq?! Amma mövsümü orta sıralarda bitirsək belə, bizim üçün heç bir problem yoxdur. Çünki biz gələcəyin komandasıyıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: