“VAR sisteminin olduğu liqada belə qolu necə qeydə almaq olar? Göz görə-görə ədalətsizlikdir. Bu qədər insanın əziyyətini bir qərarla necə məhv etmək olar?” Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Tural Rzayev deyib.
Yarımmüdafiəçi hər şeyin daha da yaxşı olması üçün zamana ehtiyacları olduğunu düşünür: “Azər Bağırovun gəlişindən sonra komanda toparlanmağa başlayıb. Hər qarşılaşmada baş məşqçinin istədiklərini meydanda verməyə çalışırıq. Oyundan oyuna müsbət məqamlar çoxalsa da, hər şeyin daha da yaxşı olması üçün zamana ehtiyac var. Təkcə onu bilirəm ki, ən qısa müddətdə bunu etməliyik. Çünki zamanımız azdır”.
Rzayev son turun “Turan Tovuz”la oyun barədə də danışıb: “Bu matçda sırf hakimin kobud səhvindən sonra məğlub olduq. Birbaşa nəticəyə təsir edən səhvlər oldu. Öncə topu əllə saxlayıb, qolu vurdular. Verilməyən penaltimiz və bunun kimi bir çox epizod da var”.
Futbolçu Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Ağdaş” üzərində 6:0 hesablı qələbə qazandıqları oyun haqda da fikirlərini bölüşüb: “Aşağı liqa ilə Premyer Liqa arasında hər baxımdan fərq böyükdür. Komanda şəklində hər kəs oyunu yaxşı səviyyədə keçidi. “Ağdaş”a çempionat oyunlarında uğurlar arzu edirik. Kubokda yolumuza davam edirik. Ümid edirəm ki, qələbələrinin davamı gələr. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Yarımmüdafiəçi gələn tur baş tutacaq “Səbail”lə matçdan yalnız qələbə gözlədiklərini söyləyib: “Gələn tur “Səbail” ilə qarşılaşacağıq. Bizim üçün hər oyun finala bərabərdir. Asan oyun yoxdur. Təbii ki, gözləntilərimiz ancaq qələbədir. Çünki başqa yolumuz da yoxdur. Turnir cədvəlində bizə ən yaxın olan rəqiblə qarşılaşacağıq və bizi qələbədən başqa heç nə qane edə bilməz”.
GÜNAY SÜLEYMANOVA