“Turan Tovuz” klubunun hücumçusu Sadiq Şəfiyevin futbolinfo.az saytına müsahibəsi

– “Turan Tovuz” Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyununda “Hypers Guba”ya 7:2 hesabı ilə qalib gələrək, növbəti raunda adladı. Hesabın bu qədər böyük olacağını gözləyirdiniz?

– Bu il ölkə kubokunda ilk oyunumuz idi. Hər matça necə hazırlaşırıqsa, bu görüşə də elə hazırlaşmışdıq. Hesaba gəlincə, mən komandamızdan hər oyun qələbə gözləyirəm. Açığı, matçdan öncə hesabın necə olacağı haqda düşünməmişdim. Əsas odur ki, lazım olanı etdik və növbəti mərhələyə adladıq.

– “Hypers Guba” ilə oyunun iştirak ərizəsində yer almamağınız nə ilə bağlı idi? Zədəniz yoxdur ki?

– Xeyr, zədəli deyiləm. Bu, məşqçinin qərarı idi.

– Kubok matçından öncə çempionatda “Kəpəz”lə oyuna start heyətində çıxmışdınız və həmin görüşdə 2:1 hesablı qələbə qazanmışdınız. Qərb derbisi ilə bağlı fikirləriniz necədir? Bu görüşdə öz çıxışınızdan razı qaldınız?

– Qərb derbisi həmişə maraqlı keçir. Budəfəki oyun da elə oldu. Şükürlər olsun ki, gərgin keçən matçda qələbə qazana bildik. O ki qaldı öz çıxışıma, hər görüşdə məşqçinin dediklərini etməyə çalışıram. Məşqlərdə dayanmadan öz üzərimdə çalışıram. Məqsədim daha da yaxşı olmaq, məşqçinin mənə verdiyi şansı layiqincə dəyərləndirməkdir.

– Gənc futbolçu olaraq, Kurban Berdıyev kimi təcrübəli mütəxəssislə birgə işlədiyiniz üçün hansı hissləri keçirirsiniz? Onda ən çox bəyəndiyiniz xüsusiyyətlər hansılardır?

– Dediyiniz kimi, Kurban Berdıyev çox təcrübəli məşqçidir. Mən də onun təcrübəsindən maksimum yararlanmaq istəyirəm. Bu, gələcəkdə yaxşı futbolçu olmağıma kömək edəcək amillərdəndir. Berdıyevdə bəyəndiyim xüsusiyyətlər sırasında çox tələbkar olmasını qeyd edərdim.

– Çempionatın növbəti turunda “Qarabağ”la üz-üzə gələcəksiniz. İlk dövrədə Ağdam klubunu məğlub etməyi bacarmışdınız. Budəfəki görüşdən hansı nəticəni gözləyirsiniz?

– Oyuna yaxşı hazırlaşırıq. Bizim üçün bu görüş digər matçlardan fərqlənmir. Hər oyuna olduğu kimi, bu qarşılaşmaya da qələbə üçün çıxacağıq. Əlimizdən gələni edərək, istədiyimiz nəticəni qazanmağa çalışacağıq.

– “Turan Tovuz” hazırda Misli Premyer Liqasında 2-ci yerdə qərarlaşıb. Mövsümün sonunadək iddialılar sırasında qala və avrokuboklara vəsiqə qazana biləcəksiniz?

– Bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Çempionat uzundur, mövsümün sonuna çox var. İnşallah, istəyimizə nail olacağıq.

FƏRİD

Shares: