Dünən “Mançester Siti” Liqa Kubokunda “Tottenhem”ə 1:2 hesabı ilə məğlub oldu. Lakin Quardiola üçün bu məğlubiyyətdən də kədərlisi daha iki oyunçunun – müdafiəçi Manuel Akanji və yarımmüdafiəçi Savinyonun zədələnməsidir.
Artıq lazaretdə olan futbolçuların siyahısı çox genişdir. Bu da komandada ciddi çətinliklərə səbəb olur.
Yarımmüdafiəçi Kevin De Bruyne sentyabrda “İnter”lə oyunda zədələnmişdi. Qvardiola belçikalı futbolçunun oktyabrda qayıdacağına ümid edirdi. Lakin, görünür, o bir müddət də gözləməli olacaq.
Rodri “Arsenal” ilə oyunda çarpaz bağlarının qırılması ilə sıradan çıxıb. Bu, “Mançester Siti” üçün çox ciddi itki idi.
Müdafiəçisi Kayl Uoker son beynəlxalq oyunlar fasiləsindən bəri diz ağrılarını aradan qaldırmaqla məşğul olur. Onun növbəti matçlarda oynamaq şansı yoxdur. İngilis mediasına görə, Uoker dekabr ayına qədər meydana çıxa bilməyəcək.
Yarımmüdafiəçi Cek Qriliş oktyabrın sonundan bəri oynamır. Çempionlar Liqası oyunundan əvvəl Qvardiola onun on gün sonra qayıdacağına ümid edirdi. İndi isə vəziyyət fərqlidir. Mox güman ki, o, qarşıdakı matçlarda oynamayacaq.
Cinah oyunçusu Ceremi Doku da xəsarət alıb. Futbolçunun sağalması yəqin ki, daha bir ay çəkəcək.
Hücumameylli yarımmüdafiəçi Oskar Bobb isə uzun müddətdir oynamır. O, avqust ayında məşqdə ayağını sındırıb. Həmin vaxt 21 yaşlı norveçlinin bir neçə ayı buraxacağı proqnozlaşdırılırdı. Bobbun ilin sonuna qədər geri dönməyəcəyi güman edilir.
Mərkəz müdafiəçisi Manuel Akanji “Tottenhem” oyunundan əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Onunla bağlı hələlik heç bir proqnoz yoxdur.
Cinah oyunçusu Savinyo “Tottenhem”ə qarşı 63 dəqiqə meydanda olub. Braziliyalı zədə səbəbindən əvəz olunub. Onun topuğunda problem var.
Mərkəz müdafiəçisi Yoşko Qvardiol “Tottenhem”lə final fitindən sonra həkimlərin köməyinə möhtac qalıb. Zədənin xarakteri və sağalma müddəti məlum deyil.
“Bizim cəmi 13 oyunçumuz qalıb, ona görə də ciddi problemlər var. Doqquz ildə heç vaxt belə şey baş verməyib. Amma belə vəziyyətlərdə oyunçular həmişəkindən daha sıx birləşməlidirlər”.
Milli komandaların fasiləsindən əvvəl “Siti”ni gərgin təqvim gözləyir. Komandanı bir həftədə hamısı səfərdə olmaqla 3 oyun gözləyir: “Bornmut”, “Brayton” və Çempionlar Liqasında “Sportinq”.