“İlk dövrə, son tur onu göstərdi ki, komandaların oyunlara hazırlığı ilə yanaşı, görüşlərdə hakim idarəçiliyi faktoru, səhvləri önəmli rol oynayır, birbaşa və ya dolayı nəticələrə öz təsirini göstərir. Qarşıdakı görüşlərdə obyektivliyin təmin olunması adına hakimlər briqadalarının məsuliyyəti, idarəçilik diqqət mərkəzində olacaq. Güclü olan tərəf qalib gəlsin”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Tahir Süleymanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında 12-ci turun matçlarına proqnoz verib. da toxunub. O, “Turan Tovuz” – “Qarabağ” oyununda taktiki savaşın önə çıxacağını bildirib: “Turnir cədvəlinə uyğun, turun mərkəzi oyunu Tovuzda baş tutacaq. Kurban Berdiyevin əzmkar, intizamlı, praqmatik komanda oyun üslubu, dolu tribunaların möhtəşəm dəstəyi “Qarabağ”a çətin anlar yaşadacaq. Komandalar arasında ilk dövrədəki nəticə də, qarşılaşmadakı prinsipiallığı artırır. Ağdamlıların daha rahat oynaması üçün tez qol vurması vacibdir. Əks halda, daha çox təzyiqlə üzləşə bilərlər. İkili mübarizələrin, əks-hücumların çoxluq təşkil edəcəyi oyunda taktiki savaş önə çıxacaq”.

Süleymanov “Araz-Naxçıvan”la qarşılaşmanın yeni baş məşqçi Samir Abasovun gəlişindən sonra “Neftçi”nin ən ciddi ev sınağı olduğunu qeyd edib: “Neftçi” vəziyyətini yaxşılşdırmaq, özünə inamını qaytarmaq baxımından qələbə qazanmağa borcludur. Ciddi xal itkiləri ilə üzləşən bakılılar üçün heç-heçə məğlubiyyətə bərabər olacaq. Naxçıvanlılar hazırkı mövqeyini qorumaq baxımından sona kimi mübarizə aparacaq. Samir Abasovun “Neftçi”yə gəlişindən sonra ən ciddi ev oyunudur”.

Süleymanov “Şamaxı” – “Zirə” matçının hava şəraiti və süni ot örtüyünü nəzərə aldıqda ağır keçəcəyini düşünür: “Hər iki komanda qələbəyə, heç-heçəyə oynamağı bacarır. “Şamaxı” turnir cədvəlindəki  mövqeyini qorumaq adına mütləq xal qazanmalıdır. “Zirə”nin ilk üçlükdən, avrokubok zonasından geri qalmaması üçün qələbəyə çox ehtiyacı var. Hava şəraitini, süni ot örtüyünü nəzərə aldıqda, qarşılaşma ağır keçəcək”.

Həmsöhbətimiz autsayderlər arasında qarşılaşmanı 6 xallıq oyun adlandırıb: “Ev sahibi qismində çıxış edəcək gəncəlilərin qələbə qazanmaqdan başqa yolu yoxdur. Son görüşlərdəki oyunları, rəqibin enişdə olması, “Kəpəz”in şanslarını artırır. “Səbail”i ən azı xal fərqinin qorunub saxlanılması üçün, qələbə olmasa da, bərabərlik qane edər”.

Tahir bəy “Sabah”ın imkanlarına görə zəif çıxış etdiyini fikirləşir: “Daha bir maraqlı qarşılaşma Sumqayıtda olacaq. “Sumqayıt” azarkeşlərinin dəstəyi ilə qələbə seriyasını, turnir cədvəlində mövqeyinin yaxşılaşdırmasına çalışacaq. “Sabah” imkanlarına görə zəif çıxış edir və bu oyunda mütləq qələbəyə oynayacaq. Hazırda turnir cədvəlində mövqeləri elədir ki, hər xal itkisi komandanı liderlərdən uzaqlaşdırır”.

GÜNAY SÜLEYMANOVA

Shares: