Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov 16 yaşadək voleybolçularla görüşüb.
Futbolinfo.az xəbər verir ki, oktyabrın 30-da GİN-nin Voleybol Mərkəzində baş tutan görüşdə federasiyanın vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, qızlardan və oğlanlardan ibarət U-16 yığma komandaların oyunçuları və onların valideynləri iştirak ediblər.
Voleybolçuları və valideynləri salamlayan Ş.Bağırov ölkəmizdə bu idman növünün inkişafı, həmçinin istedadlı voleybolçuların müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Komandalarda ucaboylu və perspektivli gənclərin olduğunu deyən federasiya rəhbəri qeyd edib ki, onlar öz üzərlərində daha çox çalışmalıdırlar. Vurğulayıb ki, həm məşqçilərimiz, həm də voleybolçularımız ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmək üçün əllərindən gələni etməlidirlər. Ş.Bağırov bu gün gənc komandalarda olan idmançıların yaxın gələcəkdə əsas milli komandalarda da çıxış edəcəklərinə inandığını bildirib.
Uşaqların voleybolla yanaşı, dərslərinə də ciddi yanaşmalı olduqlarını vurğulayan qurum rəhbəri bununla bağlı voleybolçulara və valideynlərə tövsiyələrini verib.
Şahin Bağırov valideynlərə dəstəklərinə görə təşəkkürünü bildirib, noyabrda beynəlxalq yarışda iştirak edəcək U-16 yığma komandamızın üzvlərinə uğurlar arzulayıb.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.