“Rəsmi qarşılaşmalarda əlimizdən gələni edəcəyik”.

Futbolinfo.az xəbər verir ki, bunu qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya Polşa və Litvaya qarşı keçirəcəkləri Avropa çempionatının seçmə mərhələ oyunları ilə bağlı danışarkən deyib.

Türkiyəli mütəxəssis oktyabrın 15-dən məşqlərə start verdiklərini xatırladıb:

“Hazırlıqlarımız davam edir. Rəqiblərimizin əvvəlki matçlarını izləmişik. Müdafiə sistemində yaxşı olmağa çalışırıq. Çox çətin olacaq. Çünki komandamızın 7-8 üzvü U-18 və U-16 millilərində çıxış edir. Bu səviyyədə deyillər. Bunu qəbul edirik. Bu vəziyyətdə belə komandalara qarşı oynamaq isə çətindir. Amma əlimizdən gəldiyi qədər mübarizə aparacağıq. Bu uşaqlarla hədəflərimiz 4-5 ildən sonra ortaya çıxacaq. Əsas hədəflərimizdən biri basketbolçularımızın təcrübə qazanmasıdır. Meydanda əlimizdən gələni edəcəyik”.

Noyabrın 7-də Polşa ilə üz-üzə gələcək Azərbaycan yığması üç gün sonra Litva ilə qarşılaşacaq. Matçlar Polşada təşkil ediləcək.

Shares: