“Qarabağ”ın gücü hər kəsə məlumdur. Amma bu o demək deyil ki, heç nə etmədən, indidən məğlubiyyətlə razılaşmalıyıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Elvin Yunuszadə deyib.

Müdafiəçi Azərbaycan Kubokunun II təsnifat mərhələsinində “Baku Sportinq”ə 4:0 hesabı ilə qalib gəldikləri matçda komandalarının çox yaxşı oyun göstərdiyini bildirib: “Hər şeydən öncə komandamızı təbrik edirəm. Dünən “Baku Sportinq”ə qarşı çox yaxşı oyun göstərdik. Qalib gəldiyimiz üçün sevinirik. Meydanda olmasam da, bunun heç bir fərqi yoxdur. Biz bir komandayıq və hər birimizə sıra ilə şans verilir. Məşqlərdə də hər kəsdən istifadə edilir. Kimin oynamasından çox komandanın qalibiyyəti bizim üçün önəm daşıyır. Növbəti mərhələdə rəqibimiz “Qarabağ”dır. Bizi maraqlı oyun gözləyir. Rəqibin gücü hər kəsə məlumdur. Amma çalışacağıq ki, öz evimizdə, azarkeşlərimiz önündə, bacardığımız qədər ən yaxşısını edək. Mənim üçün köhnə komandama qarşı oynamaq xoşdur. “Qarabağ”da yaxşı günlərim olub. Bu, mənə ikiqat motivasiya verir.  Hələ ki, vaxtımız var. İnşallah, həmin matça lazım olduğu kimi, var gücümüzlə hazırlaşacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: