Dünən “Neftçi” – “Araz-Naxçıvan” (0:1) oyunundan sonra naxçıvanlıların yeni transferi Qara Qarayev jurnalistlərin suallarını cavablandırdı. Məhz “Neftçi”ni tərk etdikdən bir müddət sonra bu komandaya keçən yarımmüdafiəçi bir çox məsələlərdən danışdı.
– Komandaya 2 gündür gəlmişəm. Artıq yavaş-yavaş adaptasiya oluram. Uzun müddət məşqsiz idim, Elmar Baxşıyev sağ olsun, mənə özgüvən verir. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. “Araz-Naxçıvan”a gəlməmiş fikirlərimi bu qədər sağlam deyildi. Lakin bura gəldikdən sonra gördüm ki, atmosfer, uşaqların rəftarı tamam başqadır.
– Uyğunlaşma dövrü nə vaxt bitər?
– Ayağımda müəyyən bir ağrılar var. Əgər onlar olmasa, daha qısa zamanda özümə gələcəm. Buna baxmayaraq, hazırda 80 faiz məşqləri edirəm.
– Sonrakı “Zirə” ilə matçda səni görə biləcəyik?
– Ola bilər. Hələ 3-4 gün vaxt var. Əlimdən gələni edəcəm ki, bu oyunlarda komandama faydalı olum.
– “Araz-Naxçıvan”la danışıqların çoxdan gedirdi?
– Yox, qətiyyən. Elmar müəllim məni nə vaxt yığdısa, həmin gün də müqavilə imzalandı. Elə bir plan yox idi ki, “Neftçi” ilə oyun öncəsi baş tutsun, motivasiya artsın.
– Ölkə xaricindən təkliflərin olduğu deyilirdi.
– Həmin an düşdüyüm situasiya pis idi. Bəlkə də başqa vaxt olsaydı, daha da yaxşı təklif ala bilərdim. Çünki uzun müddət “Neftçi”də oynadılmayıb, əvəzedicilərə göndərildikdən sonra müqaviləni və öz taleyini bilmədən araya soyuqluq girmişdi. Belə olduqda hansısa klubdan təklif almaq çox çətin idi. Düşdüyüm vəziyyətin çətinliyi daha çox yaradılan situasiya ilə bağlı idi. Ən azından vaxtında desələr, hər şey fərqli ola bilərdi. Çünki Avropadan gələn təklifi “Neftçi”yə görə rədd etmişdim. Sonra da klub məni yarıyolda qoydu.
– Meydana çıxmasan da, ilk oyunun səni yarıyolda qoyan komandaya qarşı oldu. 1:0 hesablı qələbə haqda təəssüratların necədir?
– Ümumiyyətlə, bu haqda heç düşünmürəm. Hər kəsdən xahiş edirəm ki, mənə keçmişlə bağlı heç nə xatırlatmasın. Çünki düşünmək istəmirəm. Mən vicdani tərəfdən rahatam. 10 illik karyeramda harada olsam da, vicdanla çalışaraq, ən yaxşısını etmişəm.
– Yayda “Araz-Naxçıvan”la avrokuboklarda oynaya biləcəksən?
– Heç vaxt vəd verməmişəm. Məncə, futbolçuların və məşqçilərin hədəfləri növbəti həftə, növbəti oyun ilə bağlı olmalıdır.
– “Turan Tovuz” və “Sabah”dan da sənə təklif olduğu bildirilirdi. Bəs, niyə onları yox, “Araz-Naxçıvan”ı seçdin?
– Bəzi xəbərlər şayiə idi. İndinin özündə belə mediada haqqımda doğru olmayan informasiyalar gedir. Qara piar kampaniyasıdır və ya neyləmək istəyirlər, bunu bilmirəm. Telefonum açıq idi. İndiyə kimi məni Naxçıvan təmsilçisindən başqa yığan, real təklif edən olmayıb. Hətta “Araz-Naxçıvan”la müqavilə şərtlərini belə danışmamışıq. Sadəcə, imza atarkən, aylıq maaşı gördüm. Mənim üçün əsas olan mənə inanmaq idi. Amma bəzi xəbər saytlarında özlərindən maaş yazırlar. Bunun yazmağın bir mənası yoxdur. Nə etməyə çalışdıqlarını anlamıram. Bir idmançı və insan kimi bunlara layiq deyiləm.
GÜNAY SÜLEYMANOVA