Misli Premyer Liqasında zirvədə maraqlı üçlük yaranıb. “Qarabağ” ənənəsinə sadiq qalaraq zirvədədir, amma izləyiciləri boyundan hündürə tullananlardır.

“Sabah”la “Zirə”nin qeyri-sabit, “Neftçi”nin bərbad çıxışı bu mənzərəyə səbəb olub. Əvəzində “Turan Tovuz”la “Araz-Naxçıvan” fürsətdən yararlanaraq xal fərqini artırır, avrokuboklara vəsiqə qazanmaq üçün önəmli addımlar atır. İddialı gözüylə baxılan komandalar yuxuda ikən bu cütlük ehtiyatını görür.

12-ci turun açılış matçı meydandakı mübarizəsi ilə yanaşı oyunətrafı ajiotajı ilə də gözəl idi. Tovuzu illərdir Premyer Liqadan kənarda saxlayanlar dünənki görüntüləri izlədikcə daha çox utanmalıdır. Futbol bölgələrdə daha gözəldir, qərblilər isə hər keçən gün bunu bir daha təsdiqləyir.

Oyuna gəlincə, Kurban Berdıyev çempionata rəng qata bilib. Onun məşqçi bacarıı sayəsində ortabab futbolçulardan qurulan “Turan Tovuz” əsl kollektivə çevrilib. Zaman göstərir ki, qərblilərin mövsümün əvvəlindəki nəticələri təsadüfi deyilmiş. Komanda artıq hər situasiyadan çıxmağı bacarır, rəqiblərinə fərq qoymadan maksimuma can atır.

“Qarabağ”ın 9 oyunluq qələbə seriyası dünən qırıldı. Ağdamlılar sonuncu dəfə məhz bu rəqibinə evdə uduzmuşdu, dünən isə 2 xal itirdi. Matçın xüsusilə birinci hissəsini nəzərə alsaq, bəlkə də komandanın xal qazandığını deyə bilərik. “Turan Tovuz” yaratdığı çoxsaylı şansları qola çevirə bilməyincə bir xalla kifayətləndi.

Ümumiyyətlə, bol mübarizəli, barışmaz rəqabət izlədik. Əsas heyətlə mübarizə aparan ağdamlıların həmişəki kimi inamlı görünməməsi məhz rəqibin gücü, Berdıyevin taktiki həmlələri ilə bağlı idi. “Qarabağ” yəqin ki, bu matçdan sonra çempionatdakı əsas rəqibini tanımış oldu. Komandanın oyununda nisbi eniş də hiss olunur. Avrokuboklardakı uğursuzluq sanki futbolçulara təsir edib. Qurban Qurbanov tezliklə vəziyyəti dəyişməsə, həm Avropa Liqasında xalsızlıq davam edəcək, həm də çempionatda rəqiblərdən uzaqlaşmaq mümkün olmayacaq.

Bu xal itkisindən “Araz-Naxçıvan” maksimum yararlandı. Növbəti 1:0 hesablı qələbə komandanı zirvəyə bir qədər də yaxınlaşdırdı. Felipe Santosun ardıcıl 6-cı qolu ilə məğlubiyyətsiz oyunlarının sayını 10-a çatdıran muxtar respublika təmsilçisinin xüsusilə müdafiədəki oyunu diqqət çəkir.

Amma komandanı yalnız yaxşı müdafiə olunmasına görə fərqləndirmək olmaz. Baş məşqçi Elmar Baxşıyev ortaya yaxşı iş qoyub. Onun yaratdığı komanda möhkəmliyi ilə seçilir, daha sabit oynamağa başlayıb. İzləyicilərindən uzaqlaşan, ən azı aradakı fərqi qoruyan naxçıvanlılar qışa kmi bu tempi qorusa, avrokuboklara yollanmaqçətin olmayacaq.

“Araz-Naxçıvan”ın qələbəsindən danışarkən “Neftçi”ni də unutmamalıyıq. Məhz bakılıların bərbad çıxışı rəqibin 3 xal qazanmasına yardımçı oldu. Samir Abasovun baş məşqçi postuna gəlişi ilə ümid qığılcımı yaransa da, indi bəlli olur ki, 2 oyuna qazanılan 4 xal böhranın sonu deyilmiş. “Neftçi” fizki cəhətdən mövsümə hazır deyil, oyunçular yüksək tapşırıqların öhdəsindən gələ bilmir, oyunda xaotiklik hiss olunur.

Abasov hələ “Neftçi”ni döyüşkən kollektivə çevirə bilməyib. Müdafiədə fərdi səhvlər, yarımmüdafiənin ağırlığı, hücum oyunçuların dişsizliyi, komandanın rəngarəng oynaya bilməməsi çoxsaylı problemlərdən xəbər verir. Samir bəy özündən öncəki 4 əcnəbi baş məşqçidən qalan futbolçularla işləyir. Transferlərdə ciddi xətalara yol verilib, hər biri fərqli oyun anlayışlarının “məhsuludur”. Bu futbolçuların Abasovun dəst-xəttinə nə qədər yararlı olacağını zaman göstərəcək, lakin çalışdırıcı daşları yerinə oturtmaq üçün çox çalışmalıdır.

Yəqin ki, qış fasiləsində heyətdə dəyişikliklər olacaq. Lakin indikiləri göndərmək, yenilərin gəlişini təmin etmək asan məsələ deyil. Çətin ki, büdcə bu yükə dözsün. O da var ki, Abasov hər zaman seleksiyada uğursuzluğu ilə tanınıb, yeni gələcək futbolçuların səviyyəsi də sual doğuracaq. Bir sözlə, “Neftçi”nin işi çətindir, hətta avrokuboklardan kənar qalmaq riski xeyli aktualdır.

Bu tur “Zirə” ilə “Sabah”ın necə oynayacağı da maraqlıdır. Bu komandalar fərq artırmağı bacarsa, “Neftçi”nin ümidi daha da azalacaq.

FƏRİD

Shares: