“Qarabağ”ın müdafiəçisi Toral Bayramov Misli Premyer Liqasının 12-ci turunun “Turan Tovuz”a qarşı səfər matçından sonra oyunla bağlı fikirlərini bildirib.

Cinah oyunçusu rəqibin gücündən bəhs edib: “Çətin oyun olacağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Çempionat başlayandan yalnız bir məğlubiyyətimiz var. Onu da “Turan Tovuz”dan almışıq. Rəqib kollektiv şəkildə yaxşı mübarizə aparır. Qələbə qazanmaq üçün nəsə çatmadı. Epizodları izləmək, oyunu analiz etmək lazımdır. Bütün komandalar bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. “Turan Tovuz”da isə bu istək daha yüksəkdir. Pis oynamadıq. Fürsətlərdən yararlana bilmədik və bu da xal itkisinə gətirib çıxardı. Onların da qol fürsətləri var idi. Qapıçımız yaxşı oynadı. Ümumi götürdükdə heç-heçəni ədalətli nəticə sayıram”.

Toral Avroliqada “Bodo Qlimt”ə qarşı oyundan da danışıb: “Rəqib haqda məlumatımız çox deyil. Artıq həmin görüşə hazırlaşacağıq. Ümumi bilirik ki, yaxşı komandadır. Nəticələri də göz önündədir. Tovuzdkı nəticəni unutmalıyıq. Bu gün olan bu gündə də qalır. Biz Avropa Liqasında oynayırıqsa, bunları düşünməməliyik. Əlimizdən gələni edəcəyik ki, Norveç səfərində sərfəli nəticə qazanaq”.

Shares: