Cavid Cəlilov sanki Azərbaycan futbolu üçün vazkeçilməz biridir. Onsuz olmur. Bəzən düşünürsən ki, deyəsən, bu adam kənarda qalsa, məhv olarıq.

Əlbəttə, belə deyil. Amma AFFA-da bir qrup şəxs bu adamı vazkeçilməzə çevirib. Bəlkə də kimlər üçünsə belədir; bəlkə də yaxşı sifariş yerinə yetirdiyi üçün qorunur?

Hakimlər Komitəsinin sədri Frank de Bleker onun ötən turda etdiyi səhvi etiraf etdi. Hansı ki, hesab 0:0 olarkən “Şamaxı”nın qapısına haqsız penalti təyin etmiş, yekunda “Qarabağ”ın qələbəsini qeydə almışdı. Hətta VAR-ın tətbiq edildiyi bir şəraitdə bu qədər kobud, nəticəyə təsir edən səhvin müəllifini azı 5-6 turluq diskvalifikasiya etmək lazım idi. Amma əvəzində onu şərəfləndiriblər, bu tur Cəlilov yenə iş başında olacaq. Daha baş hakim kimi təyinat verməyə utanıblar, əvəzində turun ən kritik matçlarından birinə VAR hakimi qoyublar.

Cəlilovun olduğu yerdə kiminsə ayağının altının qazılacağı dəqiqdir. Ona görə də AFFA “Kəpəz”lə “Səbail”dən hansını Premyer Liqada saxlamaq istəyirsə, sabah məhz onun xeyrinə hakim səhvləri görəcəyik.

Əvvəlki dostluqları, köhnə əlaqələri, hətta bu komandanın formasında şəklinin də olduğunu nəzərə alsaq, Cəlilov “Səbail”ə yardım üçün Tovuza getmiş olmalıdır. Ancaq o da var ki, son vaxtlar AFFA-nın “Kəpəz”ə xüsusi məhəbbətini də hiss edirik. Təsadüfi deyil, gəncəlilər bütün klublara ayrılan illik 3 milyon manatdan əlavə yardım almaqdadır. Komandanın baş məşqçi dəyişikliyindən sonra 6 yeni transfer reallaşdırması kiçik büdcə ilə reallaşan məsələ deyil. Şaiyələrə inansaq, qurum qərblilərə əlavə yarım milyon manat yardım edib. Komandaya bu qədər pul xərcləmişkən, indi onun Premyer Liqanın sonuncu pilləsində olması ilə barışmaq çətin məsələdir. Kobud səhvə görə cəzalanmayan Cəlilov bəlkə günah çıxarmağa gedib?

Cəlilovun daydayının kim olduğunu bilmirik, lakin ona xüsusi rəğbət göz önündədir. O da etimadın qarşılığını turnir cədvəlini şəkilləndirməklə verir.

AĞA

Shares: