“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”ni qəbul edib.
Futbolinfo.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov güclü rəqibə qarşı oynadıqlarını bildirib:
“Güclü rəqibə qarşı oynayırdıq. “Zirə” keçən il yaxşı mövsüm keçirmişdi və Avroliqada çıxış etmiş komandadır. Oyuna pis başlamamışdıq. Səhvlərimiz oldu. İkinci hissəyə yaxşı başladıq, oyunun tempi yüksək idi, üstünlüyü ələ ala bilmişdik. Amma yenə də deyirəm, sonluq çatışmır.
Bizim üçün nəticə vacibdir. Əfsuslar olsun ki, məğlub olduq. Çempionat uzundur. Birinci dövrədə yaxşı oyunlarımız olmuşdu. Yüksək pillələrdə qərarlaşmağa çalışacağıq.
Bu gün baxsaq, bizdən də üstün komandalar xal itkisi ilə üzləşir. Belə düşünürəm ki, bizim durumumuz acınacaqlı deyil.
Düşünürəm ki, bəzi mövqeləri gücləndirməyə ehtiyacımız olacaq. İndiki halda çempionata köklənmişik. Qışda yeni oyunçularla bağlı planlarımız olacaq. Çünki çempionat çox çətinləşir”.