“Qəbələ”nin nigeriyalı futbolçusu Abdullahi Şuaybu futbolinfo.az saytına müsahibə verib. O, hazırkı sağlamlıq durumundan, agenti ilə aralarında olan problemdən və yenidən Azərbaycana qayıtmasından söz açıb.
– Yenidən Azərbaycandasan. Özünü burada necə hiss edirsən?
– Allaha şükür edirəm. Ona görə ki, yenidən futbol oynamaq imkanım var. Bu, məni hədsiz sevindirir. Düzdür, “Qəbələ” Birinci Liqada mübarizə aparır. Amma burada səviyyə heç də pis deyil. Özümü bu klubda çox xoşbəxt hiss edirəm.
– Premyer Liqadan sonra aşağı səviyyəli çempionatda mübarizə aparmaq çətin gəlmir?
– Premyer Liqa ilə aşağı dəstə arasında böyük fərq var. Çünki orada böyük oyunçular mübarizə aparır. Amma bir futbolçu olaraq özünüzü hər yerdə tapa bilərsiniz. Bu, normal haldır. Premyer Liqada da, aşağı divizionda da oynamaq mümkündür. Amma mənə nə verildisə, ona sevinirəm. Həyatımın yeni mərhələsidir və bundan narazı deyiləm.
– “Kəpəz”dən ayrılanda problemlər yaşadınız. Nə baş vermişdi?
– Bu barədə çox danışmaq istəmirəm. Amma problem sağlamlıq vəziyyətim idi. İndi çox yaxşıyam.
– Amma Hepatit B virusuna görə klubdan ayrılmışdınız. Bu məsələ həll olundu?
– Dediyim kimi, hər şey qaydasına düşdü. Mən indi yenidən futbola qayıtmışam, futbol oynayıram. Özümü tamamilə futbola kökləmək niyyətindəyəm. Olan oldu, keçmişdə qaldı.
– Agentin bu barədə Azərbaycan mediasına danışmışdı. Onunla nə problem yaşamışdınız?
– Agentimlə hazırda heç bir problem yoxdur. Nəvaxtsa insanların etdiyi söz-söhbətə görə problem yaşamışdıq. Bunu yaxşı başa düşdük. İndi isə hər şey yaxşıdır. Aramızda heç bir problem, çətinlik yoxdur.
– “Qəbələ”dən təklifi necə aldınız?
– Dostumdan zəng gəldi. Dedi ki, “Qəbələ”dən təklif var. Mən də bu klubu tanıyırdım. Danışdıq, razılaşdıq və nəhayət bura gəldim. Həqiqətən özümü çox xoşbəxt hiss edirəm. “Qəbələ” kimi klubda çıxış etməkdən məmnunam.
– Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsini adladınız. Növbəti mərhələdə rəqibiniz “Qarabağ”dır. Kubokda yolun sizin üçün bura qədər olduğunu demək olar?
– Futbolda hər şey mümkündür. “Qarabağ”la dəfələrlə qarşılaşmışam. Təbii ki, biz onlarla oyunda qazana bilərik. Bu, hər zaman mümkündür. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Buna çalışacağıq.
– Səncə, “Qəbələ” yenidən Premyer Liqaya qayıda biləcək?
– Məqsədim komandama Premyer Liqaya yüksəlməkdə kömək etməkdir. Hər şey Allahın əlindədir. Amma mən komandama inanıram. Bundan daha yaxşı olacağıq.
FƏRİD